Bakıda qadının evinin sökülməsinə görə MTK-nın vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıb Hadisə

Bakıda qadının evinin sökülməsinə görə MTK-nın vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi, “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Yasamal rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.