Azad edilmiş ərazilərdə ekoturizmin təbiği üçün tanınmış influenserlər və bloggerlərlə əməkdaşlıq etmək lazımdır Hadisə
Ətraf mühitin iqtisadiyyatı və mühafizəsi üzrə ekspert Zülfü Fərəcli: “Vətəndaşların və qeyri-hökumət təşkilatlarının ekoloji monitorinq və nəzarət işlərində fəal iştirakı təmin edilməlidir”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Mövzu ilə bağlı olaraq ekspertlərin fikir və təkliflərini təqdim edirik.
Müsahibimiz ətraf mühitin iqtisadiyyatı və mühafizəsi üzrə ekspert Zülfü Fərəclidir.
- Azad edilmiş ərazilərdə ətraf mühitin qorunması və ekoturistik standartlara əməl edilməsi, təbii resurslar və ekoturizm potensialından tam və düzgün yararlanmaq, zərərli antropogen təsirlərin qarşısını almaq vacib məsələlərdəndir. Bu məsələ ilə bağlı olaraq fikirlərinizi öyrənmək istərdik.
- Əlbəttə ekoturizmim başlıca prinsiplərindən biri yerli təbiətə hörmətlə yanaşmaq, onu dəyişməməkdir. Adicə səs kirliliyi yaratmaq (təbiətdə uca səs çıxarmaq) qəbul olunmazdır. Bu məqsədlə maarifləndirmə işləri aparmaq çox vacibdir. İnsanlara ekoturizmin prinsiplərini öyrətmək və onları təbiəti qorumağa təşviq etmək üçün müxtəlif təbliğat materialları hazırlanmalıdır. Bununla yanaşı, ekoturizm fəaliyyətlərinin həyata keçirildiyi bölgələrdə infrastruktur da bu prinsiplərə uyğun şəkildə hazırlanmalıdır. Məsələn bir çox rayonlarımızda insanlar yetəri qədər zibil qutuları olmadığını deyərək ətraf mühiti çirkləndirirlər. Bu problemi həll etmək üçün yerli icra hakimiyyətləri və ekoturizm təşkilatları birgə fəaliyyət göstərməli, turistlərin rahatlığı və təbiətin qorunması üçün lazımi şəraiti yaratmalıdırlar. Yalnız bu şəkildə ekoturizm prinsiplərinə uyğun olaraq davamlı turizm inkişaf etdirilə bilər.
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması Ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirərdiniz?
- Təəssüflər olsun ki, ölkəmizdə demək olar bütün ekoloji əsaslı qərarlar kağız üzərində qənaətbəxş olsa da icra məsələrində problemlər ortaya çıxır. Buna səbəb maarifçiliyin az olması ilə yanaşı ictimai nəzarət mexanizminin olmamasıdır. Məsələn, işğaldan azad olunmuş ərazilərdə yetəri qədər qanunsuz ovçuluq edən, balıq tutan şəxslər barədə sosial mediyada görüntüləri görmək olar. İşğal dönəmində antropogen təsirlər nisbətən azaldığından təbiət özünü bərpa imkanları əldə etmişdir. İstər yenidənqurma işləri zamanı, istərsə də vətəndaşların Qarabağa geri dönüşü zamanı proses nəzarət altında keçirilməli, ekoloji qanunvericiliyin tələblərinə əməl edilməlidir. Bunun üçün bir neçə əsas tədbir görülməlidir: 1. Maarifləndirmə: İnsanlara ekoloji məsələlərin əhəmiyyətini izah etmək, onları ekoloji davranış qaydalarına riayət etməyə təşviq etmək üçün təbliğat işləri aparılmalıdır. Bu məqsədlə kütləvi informasiya vasitələri, sosial media, məktəblər və digər təhsil müəssisələri fəal rol oynamalıdır. 2. İctimai Nəzarət: Ekoloji qanunvericiliyin yerinə yetirilməsinə nəzarət etmək üçün ictimai nəzarət mexanizmləri yaradılmalıdır. Bu, həm yerli icmaların, həm də vətəndaş cəmiyyətinin fəal iştirakını tələb edir. 3. Qanunların Tətbiqi: Ekoloji qanunvericilik sərt şəkildə tətbiq edilməli, qanun pozuntularına qarşı ciddi cəzalar verilməlidir. Bu, qanunsuz ovçuluq və balıqçılıq kimi halların qarşısını almaq üçün vacibdir. 4. Ekoloji Monitorinq: Təbiətə təsir edən fəaliyyətlərin davamlı monitorinqi aparılmalı, bu sahədə çalışan mütəxəssislərin sayı və keyfiyyəti artırılmalıdır. 5. Yerli İcra Hakimiyyətləri və QHT-lər: Yerli icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları ilə birgə iş birliyi aparılmalı, onların dəstəyi ilə ekoloji layihələr həyata keçirilməlidir.
- Azad edilmiş ərazilərdə “yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır? Bildiyimiz kimi, azad edilmiş ərazilərə Böyük Qayıdış başlayıb və oraya köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifəndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?
- Doğrudur ki, ölkəmizin bir çox ərazisi kimi işğaldan azad olunan ərazilərin ekoturizm potensialı yüksəkdir. Lakin, turistlərin rahat səyahəti üçün ərazinin təhlükəsizliyinə zəmanət verilməli, ərazidə XMOTƏ - Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin bərpa olunması və ya yaradılmasını təklif edərdim. Məsələn, ərazi ornitoloji cəhətdən yaxşı öyrənilmədiyi üçün ekoturizmin növlərindən olan quş müşahidəsi turizminin inkişafı potensialı yüksəkdir. Bənzər şəkildə dağçılıq/hiking turizmi, geoloji turizm və s. üçün də imkanlar genişdir. Qeyd etdiyim kimi əfsus ki, bioresurslardsn səmərəsiz istifadə halları ərazidə qeydə alınmışdır. İlk öncə qanunvericiliyğ düzəlişlər edilməli, qanunsuz ovla bağlı cərimələrə yenidən baxılmalıdır. Məsələn, Nazirlər Kabinentinin 176 saylı qərarı (Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr haqqında) Qırmızı Kitabın ilk nəşrinə (1989) əsaslanır. Halbuki onun üzərinə 2 əlavə nəşr (2013, 2023) dərc olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə baxıldığını və aidiyyəti quruma müraciət göndərildiyini desə də, hələki NK qərarı dəyişməz olaraq qalır (hazırda 70-dən çox qırmızı kitab növü qərarda öz əksini tapmayıb). Paralel olaraq ovçular arasında maarifləndirmə aparılmalı (məsələn QK-ın yeni nəşri barədə çoxunun məlumatı yoxdur), nəzarət mexanizmi gücləndirilməlidir.
- Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər?
- Hüquqi Çərçivənin Gücləndirilməsi: Mövcud qanunların daha sərt şəkildə tətbiqi və cəzaların artırılması. Qanunsuz ov və brakonyerliyə qarşı sərt cəza tədbirləri təyin edilməlidir. Məsələn, ekosistem üçün olduqca faydalı yırtıcılardan biri olan canavarın ovlanmasına görə təbiətə dəymiş ziyan cəmi 11 AZN hesab olunur! Hətta NK qərarında düzəlişlər edilmədiyindən bir boz durnaya görə dəymiş ziyan bəzi həşəratlara görə dəymiş ziyandan azdır! Bənzər şəkildə zərurət yarandıqda mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunların qəbul edilməsi tövsiyəolunandır. 2) Nəzarət və monitorinq: Ekoloji nəzarəti gücləndirmək üçün imkanlar artırılmalıdır. Yerli ekologiya idarələri tərəfindən yaradılan nəzarət qrupları ərazilərdə mütəmadi olaraq patrul xidmətləri aparmalıdır. 3) Maarifləndirmə kampaniyaları: Qeyri-qanuni ovçuluğun və brakonyerliyin təbiətə və cəmiyyətə verdiyi zərərləri izah edən maarifləndirmə kampaniyaları təşkil edilməlidir. Məktəblərdə və digər təhsil müəssisələrində ekoloji təhsil proqramları həyata keçirilməli, gələcək nəsillər arasında ekoloji şüur artırılmalıdır. 4) Vətəndaşların və Qeyri-hökumət təşkilatlarının ekoloji monitorinq və nəzarət işlərində fəal iştirakı təmin edilməlidir. Əhalinin məsələyə maraqlı olması üçün yerli əhali üçün alternativ gəlir mənbələri təmin edilməli, ekoturizm, kənd təsərrüfatı və digər dayanıqlı iqtisadi fəaliyyətlər dəstəklənməlidir.
- Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yenu media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?
- Məlumatlılığın və maarifçiliyin artırılması üçün ekoloji məsələlərə diqqət çəkən tanınmış influenserlər və bloggerlərlə əməkdaşlıq edərək, onların geniş auditoriyasına bu mövzunu çatdırmaq lazımdır. Onların ekoloji qanunvericilik, brakonyerlik və təbiətin qorunması haqqında paylaşımlar etməsini təmin etmək yaxşı olardı. Məsələn, qardaş ülkə Türkiyənin TRT Belgesel kanalında bunun bir neçə nümunəsi var, ölkəmizdə də gələcəkdə bu istiqamətli, yerli təbiətsevərlərlə ekoloji sənədli filmlərin çəkilişi yaxşı olardı. Bənzər şəkildə uşaqlar və gənclər üçün maarifləndirici animasiya filmləri hazırlamaq və YouTube, Instagram və Facebook kimi platformalarda yayımlamaq da faydalı olacaqdır. İnnovativ texnologiyalardan yararlanaraq Qarabağın təbiətini və oradakı canlı aləmi tanıtmaq üçün virtual ekskursiyalar təşkil etmək olar. Beləcə, insanlar bu ekskursiyalar vasitəsilə əraziləri onlayn gəzdikdə, təbiətin qorunması barədə məlumatlandırılacaqlar.