Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olunub, izahatları alınıb - YENİLƏNİB Hadisə

Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olunub, izahatları alınıb - YENİLƏNİB

Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.

DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.

Elbrus İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.

***

13:46

310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib:

"Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda qeyd edilib.