Qarabağda ekoturizm mərkəzləri yaradılmalı, bioresursların qorunması üçün meşələr salınmalıdır Hadisə

Qarabağda ekoturizm mərkəzləri yaradılmalı, bioresursların qorunması üçün meşələr salınmalıdır

Ekoloji ekspert Gülçöhrə Hüseynova: “Azad edilmiş ərazilərimizdə ekoloji bərpa işlərindən ən vacibi meşə bərpa işlərinin aparılmasıdır”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz biologiya üzrə fəlsəfə elmləri doktoru, ekoloq dosent Gülçöhrə Hüseynovadır.

-Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

-Azad edilmiş ərazilərdə ətraf mühitin, su hövzələrinin və onların bioresurslarının, həmçinin digər təbii resursların qorunması istiqamətində həyata keçirilən tədbirlər, "yaşıl artım" prinsiplərinə uyğun olaraq Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bunun üçün təbii ki, birinci növbədə ekoloji bərpa işləri olmalıdır. Dövlətimiz tərəfindən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işi sürətlə həyata keçirilir. Ekoloji bərpa işlərindən ən vacibi meşə bərpa işlərinin aparılmasıdır. Meşə sudur, su məhsuldur, məhsul isə həyatdır. Meşə əvəzolunmaz təbii resurs hesab olunur. 30 ildən çoxdur düşmən tapdağı altında qalan meşələrimiz ermənilər tərəfindən məhv edildi ki, bu həm də torpaq və su resurslarının çirklənməsinə səbəb oldu. Meşələrin bərpası və yenidən salınması ekosistemin tarazlığının bərpasına və bioresursların qorunmasına kömək edəcək. Qarabağda su hövzələrinin təmizlənməsi və qorunması, su bioresurslarının və ekosistemlərin davamlılığını təmin etmək üçün layihələr hazırlanır. İşğal olunmuş ərazilərimizdə kifayət qədər kəhrizlərimiz var. Etibarlı, saf su mənbəyi olan kəhriz sistemləri maddi mədəniyyətimizin və tariximizin qiymətli sərvətidir. Onları bərpa edərək potensial su mənbəyi kimi xalqın istifadəsinə vermək, qorumaq, yaşatmaq, suyunun təmizliyinə nəzarət etmək bizim müqəddəs borcumuzdur. Bütün bunlar üçün həm də müvafiq tədqiqatların aparılmasına ehtiyac yaranıb. Hazırda belə tədqiqatlar bizim dəyərli alimlərimiz tərəfindən aparılır. Uğurlu nəticələr sayəsində gələcəkdə şəhər və kəndlərimizdə su qıtlığı aradan qaldırilacaq.

- “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Azad olunan bölgəmizin turistik potensialı yüksək qiymətləndirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

- Ümumiyyətlə ekoturizm ətraf mühitin qorunması ilə yanaşı, yerli iqtisadiyyatın inkişafına və məşğulluğun artırılmasına kömək edəcək. Bunun üçün ekoturizm mərkəzlərinin yaradılması, təbiət turları və ekoloji maarifləndirmə proqramlarının həyata keçirilməsi vacibdir. Azad edilmiş ərazilərdə elmi tədqiqat müəssisələri fəaliyyətə başlayıb. 30 il düşmən tapdağı altında qalmış torpaqlarımız ekoloji cəhətdən yararsız hala salınıb. Alimlərimiz tərəfindən aparılan torpaq tədqiqatları zamanı ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən torpaqların qiymətləndirilməsi və monitorinq məqsədilə torpaq nümunələri götürülür və ərazi vizual olaraq tədqiq edilir.

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?

- Azad edilmiş ərazilərə köçürülən əhali və müxtəlif qrupların ekoturizm, ətraf mühit baxımından maarifləndirilməsi üçün müxtəlif aksiyalar həyata keçirilə bilər. İlk olaraq yerli əhali, ekoturizm həvəskarları və digər qruplar üçün mütəmadi seminarlar, təlim proqramları təşkil edilməlidir. Bu proqramlar ətraf mühitin qorunması, ekoturizmin prinsipləri və təbiətə zərər vermədən turizm fəaliyyəti haqqında məlumatları əhatə etməlidir. Yerli televiziya və radio kanallarında ekoturizm, ətraf mühitin qorunması mövzusunda maarifləndirici proqramlar yayımlanmalıdır.

Ən dəyərli kampaniya isə ağacəkmə kampaniyalarıdır. Ağacəkmə kampaniyaları mütəmadi olaraq həyata keçirilməlidir. Azad olunmuş ərazilərdə mütləq beynəlxalq təşkilatlar və ekspertlərlə əməkdaşlıq qurularaq, müasir ekoturizm, ətraf mühit təcrübələri tətbiq edilməlidir.

- Ümumiyyətlə maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?

- Əhalinin və müxtəlif qrupların ekoturizm, ətraf mühit barədə məlumatlılığını artırmaq, məsuliyyət hissini formalaşdırmaq üçün məktəb və universitetlərdə, turizm sektorunda ekologiya, ətraf mühitin qorunması və ekoturizm mövzularında dərslər, seminarlar və təlimlər təşkil edilməlidir. Ən əsası insanlarda ekoloji mədəniyyət və dünyagörüşünü formalaşdırmaq lazımdır. Bununla yanaşı, təbii ki, ətraf mühitin qorunması üçün müəyyən qaydaların pozulmasına görə cərimələr də tətbiq edilməlidir. Bunlar ətraf mühitə zərər vermə ilə bağlı ola bilər. Məsələn, qanunsuz tullantı atmaq, qanunsuz ovçuluq və s. kimi neqativ pozuntulara görə fiziki şəxslər və müəssisələr üçün ciddi cərimələr tətbiq edilməlidir.

- Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu baxımdan qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?

-Azad edilmiş ərazilərdə bioresursların və su hövzələrindəki canlıların qorunması, qeyri-qanuni ov və brakonyerliklə mübarizə məqsədilə müxtəlif tədbirlərin görülməsi vacibdir. Bu tədbirlər ətraf mühitin qorunmasını təmin etməklə yanaşı, ekoturizmin inkişafını da dəstəkləyəcək. Əsas məsələ ondadır ki, maarifləndirmə işlərinin vaxtaşırı və düzgün şəkildə aparmaq lazımdır. Belə ki, qeyri-qanuni ov və brakonyerliyə qarşı ictimai maarifləndirmə kampaniyaları keçirilməli, insanlar bu fəaliyyətlərin zərərləri barədə məlumatlandırılmalıdır. Əgər müasir texnologiyalardan istifadə olunsa, misal üçün dronlardan və izləmə cihazlarından yararlansaq, o zaman hər kəs qeyri-qanunu ovdan çəkinəcək.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.