COP29-la iqlim böhranını həll etmək üçün siyasi iradə nümayiş etdiriləcək Hadisə

COP29-la iqlim böhranını həll etmək üçün siyasi iradə nümayiş etdiriləcək

Noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq intensiv davam edir.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Beynəlxalq aləmin də diqqəti rəsmi Bakıya yönəlib və bu prosesdə iştirak etməklə öz töhfələrini verməyə hazır olduqlarını bəyanlayıblar.
BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi saytındakı məlumatda bildirilib ki, BMT-nin Avropa İqtisadi Komissiyası və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionları Qərbi Balkanlarda, Mərkəzi Asiyada, Qafqazda, Şərqi və Cənub-Şərqi Avropada qabaqcıl mərhələdə yaxşı işlənmiş “təmiz enerji” layihələrinin icrasına başlayıblar.
Qeyd edilib ki, layihələr qarşıdan gələn maliyyə forumunda dövlət və özəl investorlara təqdim olunacaq və Bakıda keçiriləcək COP29-da nümayiş etdiriləcək.
Seçilmiş layihələr ilkin olaraq 9 oktyabr 2024-cü ildə Hamburqda keçiriləcək III Avropa Regional Maliyyə Forumunda təqdim olunacaq. Bu forumun məqsədi dayanıqlı enerjiyə keçidə xüsusi diqqət yetirməklə dövlət və özəl sektorun maliyyəçiləri və layihə tərtibatçıları arasında əməkdaşlığı gücləndirməkdir. Bu tədbirlə sənaye liderləri, regional inkişaf üzrə maliyyə institutları, kommersiya kreditorları, suveren fondları, özəl kapital təminatçıları və xeyriyyəçilər bir araya gələcək.
Məqalə müəllifi qeyd edib ki, maliyyə enerji keçidində mühüm amildir. Kapitalı səfərbər etmək üçün çoxsaylı iqlim layihələrinin təşviqi vacibdir: "Bununla belə, bunun üçün siyasətçilər, maliyyəçilər, layihə tərtibatçıları və texniki yardım təminatçıları arasında daha səmərəli ekosistemlər və əməkdaşlıq lazımdır. Bu geniş regiondan COP28 üçün seçilmiş prioritet layihələr arasında dörd layihə orta hesabla təxminən 55% qismən maliyyələşib”.
III Avropa Regional Maliyyə Forumu həmçinin “təmiz enerji”, enerji səmərəliliyi, tullantıların enerjiyə çevrilməsi, sənaye karbonsuzlaşdırması və dayanıqlı nəqliyyat sahələrində investisiya imkanlarını araşdıracaq. Müzakirələr litium, nikel, mis və nadir torpaq elementləri kimi kritik xammalların uğurlu aşağı karbon keçidinin və “təmiz enerji” həllərinin həyata keçirilməsində əsas roluna yönəldiləcək.
Onu da qeyd edək ki, Azərbaycan yoxsul ölkələrdə "yaşıl sərmayə"lər üçün yeni fond yaratmağı planlaşdırır.
Bu barədə “Reuters”ə mənbə bildirib.
“BMT-nin COP29 iqlim sammitinə ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyi ilə bağlı maliyyələşməni artırmaq üçün qalıq yanacaq istehsalçılarına yığım tətbiq etmək planlarından imtina edib və bunun əvəzinə sammitdə daha yoxsul ölkələrdə yaşıl sərmayələr üçün yeni fond yaratmağı hədəfləyib”, – o qeyd edib.
Anonimlik şərti ilə danışan mənbə bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə vəsait toplamaq üçün ilkin olaraq qalıq yanacaq istehsalına yığım tətbiq etmək ideyasını nəzərdən keçirsə də, bu məsələdə bəzi ölkələrin narazılığı ilə üzləşib.
“Bizim maraqlı tərəflərlə – digər potensial ianəçilər ilə – bir neçə raund danışıqlarımız olub və biz fond ideyasını potensial ianəçilərə cəlbedici etmək üçün ona düzəliş etməli olduq”, – mənbə vurğulayıb.
Mənbələrin sözlərinə görə, “Azərbaycan bu fondun əsas donorlarından biri olacaq”. Onlar əlavə ediblər ki, fond həmçinin digər qalıq yanacaq istehsal edən ölkələrdən könüllü töhfələr axtaracaq.
Müzakirələrlə tanış olan digər mənbələr “Reuters”ə deyiblər ki, neft və qaz hasil edən Körfəz ölkələri yığımın ilkin ideyasına qarşı çıxıblar.
COP29 mənbəsi söyləyib ki, yenidən işlənmiş təklif noyabr ayında keçiriləcək COP29 sammiti zamanı fondun yaradılmasını və inkişaf etməkdə olan ölkələrə emissiyaları azaltmaq və pisləşən iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək etmək məqsədilə investisiyaların riskini azaltmaq üçün dövlət-özəl tərəfdaşlıqdan istifadə etməyi hədəfləyəcək.
Yoxsul ölkələr yüksək faiz dərəcələri və daxili borc yükü kimi problemlərə görə təmiz enerjiyə investisiya cəlb etməkdə çətinlik çəkirlər. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, Afrika son iki onillikdə bərpa olunan enerjiyə qlobal investisiyaların yalnız iki faizini alıb.
“Reuters” qeyd edib ki, noyabrda keçiriləcək COP29 iqlim danışıqlarında maliyyə məsələsi üstünlük təşkil edəcək və burada ölkələr 2025-ci ildən zəngin dövlətlərin hər il daha yoxsul ölkələrə köçürəcəkləri iqlim maliyyəsi üçün yeni qlobal hədəfi razılaşdırmağa çalışacaqlar.
İqlim dəyişikliyi üzrə ekspert Qarikay Nhonqo deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı emissiyaların azaldılması üzrə iddialı hədəflərin müəyyən edilməsinə, iqlimin maliyyələşdirilməsi platformasının yaradılmasına və iqlim dəyişikliyi böhranının aktuallığı barədə qlobal məlumatlılığın artırılmasına kömək edir.
“Dünya liderlərini, siyasətçiləri, alimləri, fəalları və media nümayəndələrini bir araya gətirməklə COP iqlim dəyişikliyini qlobal gündəmdə tutmağa və ictimai dəstəyi səfərbər etməyə kömək edir”, - o vurğulayıb.
COP29 ilə bağlı gözləntilərindən danışan ekspert vurğulayıb ki, uğurlu konfransla bir neçə əsas nəticələr əldə oluna bilər: “Söhbət istixana qazlarının emissiyalarını azaltmaq üçün iddialı və məcburi hədəflər haqqında razılaşmaların əldə olunmasından, inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün inkişaf etmiş ölkələrin üzərlərinə öhdəliklər götürməsindən, həmçinin iqlim böhranı şəraitində inkişaf etməkdə olan ölkələrin artan ehtiyaclarını ödəmək üçün əlavə maliyyələşdirmədən gedir”.
Onun sözlərinə görə, COP29-un uğurlu keçirilməsi ilə iqlim böhranını həll etmək, resursları səfərbər etmək, qlobal istiləşməni məhdudlaşdırmaq üçün qətiyyətli tədbirlər görmək, hamı üçün daha dayanıqlı və davamlı gələcək qurmaq üçün güclü siyasi iradə nümayiş etdiriləcək.
Q.Nhonqo bildirib ki, iqlim dəyişikliyi bir çox Afrika ölkəsi üçün böyük problemdir.
Ekspert hesab edir ki, qlobal istixana qazları tullantılarının ən kiçik hissəsi Afrika ölkələrinin payına düşsə də, bu dövlətlər iqlim dəyişikliyinin təsirindən qeyri-mütənasib şəkildə əziyyət çəkir:
“Bu problemi Afrika yaratmayıb, lakin onun təsiri bütün qitədə hiss olunur”.
O əlavə edib ki, Afrika qitəsində mövcud iqlim vəziyyətinin obyektiv həlli “yaşıl enerji”yə keçid olacaq: “Afrika ölkələri “yaşıl enerji” sektorlarını inkişaf etdirə, qazıntı yanacaqlardan asılılığını azalda və qitə üçün daha davamlı və aşağı karbonlu enerji gələcəyinin yaradılmasına töhfə verə biləcək”.
Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Bakıda jurnalistlərə açıqlamasında deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda qlobal gündəmin əsas mövzusudur.
“Biz ilk fikir mübadiləsi apardıq. Azərbaycanda COP29-a hazırlıqları, bu gün nə qədər böyük işlərin görüldüyünü öyrəndik. Bunu təsəvvür etmək belə çətindir”, - o bildirib.
B.Titov bu gündəliyin hazırlanmasında sahibkarların və onların iqlim dəyişikliyi ilə mübarizə problemlərinin həllində iştirakının vacibliyini qeyd edib.
CVF-nin Baş katibi, Maldiv adalarının keçmiş prezidenti Mohamed Naşidin fikrincə, iqlim cəhətdən həssas ölkələrin forumu (CVF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yaxşı nəticələr əldə etmək üçün hər cür səy göstərməyə hazırdır.
O, "Press Trust of India"ya müsahibəsində Bakıda COP29 ilə bağlı aparılan danışıqlar və Forumun müsbət nəticənin əldə edilməsində roluna dair nikbinliyini ifadə edib: “Biz Bakıda aparılacaq danışıqları səbirsizliklə gözləyirik. Hər kəsin öz rolu var, bizə daha çox səmimiyyət və yeni fikirlər lazımdır. CVF COP29-da yaxşı nəticə əldə etmək üçün əlindən gələni edəcək”.
Eyni zamanda, M.Naşid BMT-nin Bakıda keçiriləcək iqlim konfransında danışıqların “son dərəcə çətin” olacağına dair fikirlərini bildirib və iqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyətin irəlilədilməsi üçün yeni maliyyə sazişinin əldə edilməsinin kritik əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, iqlimin maliyyələşdirilməsi yardım deyil, ilk növbədə məsuliyyətdir: “Biz trilyonlarla dollardan danışırıq, çünki iqlim dəyişikliyi ilə həqiqətən mübarizə aparmağın yeganə yolu bu vəziyyətdən çıxmaq üçün investisiya yatırmaqdır”.
CVF Baş katibi inkişaf banklarını həssas ölkələrdə kapitalın dəyərini azaltmaq üçün maliyyə alətlərinin tətbiqini əhəmiyyətli dərəcədə genişləndirməyə və bununla da iqlim dəyişikliyi ilə mübarizə ambisiyalarını artırmağa və həyata keçirməyə çağırıb.
M.Naşid bildirib ki, daha zəngin ölkələrin iqlim dəyişikliyinə verdikləri töhfələrə görə məsuliyyət daşıması prioritet olaraq qalır: “Bu ölkələrin müharibələri dəstəkləmək və geosiyasi məqsədlərə nail olmaq üçün qeyri-məhdud resurslara sahib olduqları görünür. Lakin iqlimin qorunmasına gəldikdə onlar ciddi büdcə məhdudiyyətləri olduğunu iddia edirlər”.
Qeyd edək ki, CVF iqlim dəyişikliyinə qarşı çox həssas, inkişaf etməkdə olan ölkələr qrupudur. O, 2009-cu ilin noyabrında Maldiv adalarının paytaxtı Male şəhərində yaradılıb. Hazırda foruma 1,74 milyard insanı təmsil edən 68 ölkə daxildir.

Cavid