Qarabağın bütün ərazisində böyük ekoturizm potensialı var Hadisə
“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, ekofəal Nərminə Qəribova: “Qarabağda yerli əhali arasında bələdçilər yetişdirilməli və təbiətə zərər vermədən səyatət etməyin qaydaları öyrədilməlidir”
“Ekoturizm təbliğatı videoçarxlar vasitəsi ilə aparılsa, daha təsirli olar”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Müsahibimiz "“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, ekofəal Nərminə Qəribovadır.
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, 30 ilə yaxın bir müddətdə, erməni vandalları tərəfindən Qarabağın ətraf mühitinə böyük zərərlər vurulub. Bu gün dövlətimiz, aidiyyəti qurumlar daha çox zamanını bu ziyanın aradan qaldırılmasına yönəldir. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Əsas məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.Ümumilikdə isə Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.
-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Torpaqlarımız uzun illər bədxah ermənilərin əlində qalıb. Ərazilərdə minatəmizlənmə işləri davam edir və hələ Qarabağa gediş-gəliş tam bərpa edilməyib. Buna baxmayaraq, hər kəs Qarabağa səyahət etmək arzusundadır. “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ora da turizmin əksər növləri mövcuddur. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. Füsunkar təbiəti, tarixi və memarlıq abidələri ilə təkcə yerli əhalinin deyil, həm də əcnəbi turistlərin sevimlisinə çevriləcəyinə əminəm. Son illər ölkəmizdə və dünyada yerli və xarici turistlərin daha çox təbiətlə sıx təmasda olan turizm növlərinə üstünlük verdikləri xüsusi diqqət çəkir. Təbiət turizminin inkişaf etməsinin müsbət tərəfləri olsa da ərazilərin flora və faunasına, meşələrinə və başqa sahələrə zərərin verilməsi də danılmaz həqiqətlərdəndir. Ona görə də, yerli əhali arasında bələdçilər yetişdirilməli və təbiətə zərər vermədən səyatət etməyin qaydaları öyrədilməlidir.
Bir məqamı da qeyd edim ki, Azərbaycan xalqının böyük keçmişini təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri də Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin yerləşdiyi Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə bəzədilmiş yaşayış binaları, qəbirlər və məbədlər var. Tuğ kəndi həm də zəngin təbii potensiala və ekoloji ehtiyatlara malikdir. Kəndin Şuşa şəhərinə aparan Qələbə yolunun üzərində yerləşməsi onun turizm baxımından inkişaf perspektivlərini genişləndirir. Qarabağın bütün ərazisində böyük ekoturizm potensialı var.
-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?
- Qarabağ bizim üçün sadəcə bir ərazi deyil. Hər bir Azərbaycanlı o torpaqlara xüsusi qayğı ilə yanaşmalıdır. Əhali və xüsusi ilə də gənclər arasında təbiətə zərər vurmadan səyahə etməklə bağlı davamlı olaraq maarifləndirmə tədbirləri keçirilməlidir. Gənclər qarabağa şəhidlərimizin əmanəti kimi baxmalı, qorumalı, inkişaf etdirməli və gələcək nəsillərin eyni əqidəni ötürməlidir. Məsələn biz hazırda “Ekoturizm məktəbi” adlı sil-silə tədbirlər həyata keçiririk. Və bu kimi tədbirlərin davamlı keçirilməsini vacib hesab edirik.
- Ümumiyyətlə, maarifləndirmə tədbirləri necə olmalıdır?
- Hər bir insan təbiətin nə olduğunu dərk etməlidir. Təbiət və bəşər ayrılmazdılar. Və hansı sahənin adam olmağımızdan asılı olmayaraq hər birimizin əsas məqsədlərindən biri təbiəti qorumaq olmalıdır.
Azərbaycanın təbiəti dedikdə hər birimizin ağlına ilk gələn qurduğu müstəqil Azərbaycanda xalqının rifahının yaxşılaşdırılması üçün apardığı siyasətin əsas prioritet məsələlərindən biri olan ekoloji mühitin sağlamlaşdırılmasına dəyər verən Azərbaycan xalqının Ümumummilli lideri Heydər Əliyevdir. Mən də onun “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız kəlamı ilə yola çıxaraq onun 100 illik yubileyi münasibədi ilə sədri olduğum “Davamlı Turizmin İnkişafına Dəstək” ictimai birliyinin nəznində “Təbiət keşikçiləri gənclər hərəkatı” yaratdım. Bir ildən artıqdır fəaliyyət göstərən hərəkatımızla yüzlərlə gəncin ekologiyimıza qarşı məsuliyyətinin artmasına və bizimlə təbiəti qorumağa qoşulmasına nail oluruq. Təbiət keşikçilərimizlə yaşıllaşdırma tədbirləri, ekoturizm məktəbi, ailədən məktəbə və s kimi tədbirlər həyata keçirilir. Düşünürəm ki, təbiətə qarşı ciddi məsuliyyət və sevginin yaradılması üçün bu kimi tədbirlər hər bir uşaq və gəncə keçirilməlidir.
- Hansı cərimələr tətbiq edilə bilər?
Təəssüflər olsun ki, cərimə bizə təsir edən ən güclü vasitədir. Bəzən bir insana deyirsən ki, içkili avtomobil idarə etmə, həyatını itirə bilərsən, bu ona təsir etmir. Amma xatırladanda ki, səni küllü miqrada cərimə edəcəklər bu təsir edir.
Bu gün insanlarımızın ətraf mühitə, canlılara olan münasibəti ürək açan deyil. Təbiət keşikçiləri olaraq hər gün heyvanlara, ağaclara qarşı mənfi münasibətlər haqqında məlumat alırıq. Evimiz təmiz olsun layihəmiz çərçivəsində çirkli ərazilərin foto şəkilləri gəlir. Şəxsən bu halların olmaması üçün cərimənin ən yaxşı vasitə olduğunu düşünürəm. Heyvanlara qarşı törədilən cinyətlərin nəinki cərimə hətta cinayət məsuliyyətinin olması da vacibdir. Əgər bir insan dilsiz, gücsüz bir canlıya qarşı vəhşi əməl törədirsə demək insanlara qarşı da asanlıqla bu cür əməllər törədə bilər. Və bu insanlar cəzalandırılmalıdır.
-Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər?
- Təəssüflər olsun ki, bu sahədə xoşa gəlməz hallar hər zaman olub və olacaq. Bu məsələdə ən böyük iş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə düşür. Və təbii ki, qeyri-hökümət təşkilatları da bu gün cəmiyyətə bu və ya digər formalarla təsir etməyə çalışmalıdır.
Vətənimiz həqiqətən Allahın lütfüdür. Bizə düşən qorumaq, sevmək və verilən bu nemətdən həzz almaqdır. İnsanlarımızı təbiətə qaytarmaq, təbiətlə təması artırmaq və ekoloji düşüncəsinin formalaşmasına nail olmaq lazımdır. Təbii ki, bu maarifləndirmə kiçik yaşdan başlanılsa daha çox insanı xilas etmiş olarıq. Sözün əsl mənasında xilas etmək. Çünki, insanın təbiətə zərər verməsi içində oturduğu evi yandırması qədər təhlükəlidir.
-Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?
- Artıq 25 ildir ki, ictimai fəaliyyətlə məşqulam. Müxtəlif sahələrdə maarifləndirmə işi aparıram. Təcrübəmdən deyə bilərəm ki insanlar dinləyərək və izləyərək informasiya almağı daha çox sevir və bu, onlara daha çox təsir edir. Əksəriyyət oxumağı sevmir. Bu təbliğatların videoçarxlar vasitəsi ilə aparılmasının daha təsirli olacağına inanıram.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.