Geomaqnit qasırğası müşahidə olunur Hadisə

Geomaqnit qasırğası müşahidə olunur

Günəş fəallığı son sutka ərzində yüksək səviyyədə olub.

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, iyulun 23-də Günəş səthində bəzi oblastlarda güclü M3.9/Sn (R1-minor), iyulun 24-də isə şərq hissədə M2.4 alışmaları baş verib:

"Digər oblastlar C4.5, C8.4 səviyyədə C sinif (Yerə bir o qədər təsir edə biməyən) alışmalarla fəal olub. C4.5 alışması tac kütlə atılması ilə müşayiət edilib. Hazırda koronoqraflarda Yerə yönəlmiş tac kütlə atılması müşahidə olunmasa da, iyulun 26-dək Günəşdə M (radio rabitələri əngəlləyə bilən) və X sinif (daha güclü) alışmaların olacağı proqnozlaşdırılır. 23-25 iyul tarixlərində kiçik də olsa, S1 (minor) geomaqnit qasırğasının olma ehtimalı var".

"İyulun 21-də Günəşi tərk etmiş tac kütlə atılmasının təsiri ilə 24-25 iyul tarixləri üçün Günəş küləyi parametrləri normal səviyyəyə enəcək. Bu gün geomaqnit qasırğasının G1-G2 (mülayim-nəzərə çarpmayan) səviyyədə davam edəcəyi ehtimal olunur. İyulun 25-də tac kütlə atılmasının təsirinin zəifləyəcəyinə baxmayaraq, geomaqnit sahənin fəal səviyyədə qalması gözlənilir. Hazırda geomaqnit səviyyə qeyri-stabil vəziyyətdədir. İyulun 26-dan geomaqnit sahə normal, sakit səviyyəyə enəcək", - deyə məlumatda qeyd edilib.