COP29-görülən işlər, qarşıya qoyulan vəzifələr və perspektivlər Hadisə
Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında COP29-la bağlı da fikirlərini bölüşüb.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Dövlət başçısı bildirib ki, qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır: “Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Ölkənin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Fəaliyyət Gündəliyi Təşəbbüsləri açıqlanıb. Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib. Bildirilib ki, fəaliyyət gündəliyi 14 təşəbbüsdən ibarətdir: "Bu 14 təşəbbüs paketi daha yaşıl dünya üçün həmrəylik içərisində güclü tərəfdaşlıqları, əməkdaşlıq səylərini təşviq edir, investisiyaları təmin edir, dövlət və özəl sektorları hərəkətə keçirir".
Ümumiyyətlə COP29-la bağlı fəaliyyət daha intensiv şəkildə aparılır.
COP29-un icraçı direktoru Elnur Soltanov deyib ki, danışıqçılar səviyyəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə görüş Çində nazirlərin görüşündən dərhal sonra Şamaxıda keçiriləcək: “Çində nazirlər səviyyəsində görüş çox vacibdir. Bunun ardınca Şamaxıda danışıqçılar səviyyəsində görüş keçiriləcək. Sentyabrda görüş, daha sonra hazırlıq komitəsinin iclası planlaşdırılır. COP29 çərçivəsində danışıqlar uğurla davam edir və biz bu sürətlənmiş tempi qoruyub saxlamağa ümid edirik”.
E.Soltanovun sözlərinə görə, COP29-un gündəmindəki əsas məsələlər iqlimin maliyyələşdirilməsi, Paris sazişinin 6-cı Maddəsi, İtki və Zərər fondu, keçid proqramları, qlobal uyğunlaşma və yeni iqlim maliyyəsi modeli olacaq: “Bu gün əlimizdə olanlar kifayət deyil. Vəsait kifayət deyil, kollektiv səy tələb olunur. Biz istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmalıyıq. Hazırda biz gündəlik 97 milyon barel neft istehlak edirik, 2050-ci ilə qədər bu göstəricini 25-30 milyon barelə endirmək lazımdır. Qaz istehlakı 2050-ci ilə qədər indiki 4 trilyon kubmetrdən 1 trilyon kubmetrə endirilməlidir. Kömür istehlakı – 8 milyard tondan 1 milyard tona qədər azalmalıdır”.
Onu da əlavə edək ki, COP29-da iştirak edəcəyini açıqlayan ölkələrin sayı hər gün artır.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, Qazaxıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edəcək. Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır və buna dövlət başçıları arasında sıx siyasi dialoq kömək edir: “2023-cü ilin statistik məlumatlarına görə, ötən il Mərkəzi Asiyadan Azərbaycana səfər etmiş hər ikinci turist Qazaxıstandan gəlib. Keçən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində bu rəqəm 38 mindən çox olub. Ümumiyyətlə, Azərbaycana turist axınının artım dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir”.
COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev isə Çinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Liu Zhenmin ilə görüşüblər. Görüş Uhanda (Çin) İqlim Fəaliyyəti üzrə Nazirlərin 8-ci Konfransı (MoCA) çərçivəsində baş tutub. "Onlar bu məhsuldar (səmərəli) tədbirə ev sahibliyi etdiyinə görə Çinə minnətdarlıqlarını bildiriblər", - məlumatda qeyd olunub.
COP29-un prezidenti həmçinin Yaponiyanın ətraf mühit nazirinin müavini Matsudzava Yutaka ilə görüşüb: “COP29 sədrliyi Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı (MoCA) çərçivəsində Yaponiyanın ətraf mühit nazirinin müavini Matsudzava Yutaka ilə məhsuldar müzakirələr aparıb. MoCA tərəflər üçün COP29-dan əvvəl görüşmək və irəliləyiş əldə etmək üçün yaxşı fürsətdir”.
Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə də görüşüb: “COP29 sədrliyi Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı (MoCA) çərçivəsində Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb. Burada COP29 ilə bağlı əməkdaşlıq, prioritetlər və gözləntilər müzakirə edilib”.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva isə Azərbaycan və Vyetnam sahibkarları ilə keçirilən görüşdə deyib ki, Vyetnam şirkətlərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) və Azərbaycanda keçiriləcək digər tədbirlərdə iştirakını səbirsizliklə gözləyirik.
Onun sözlərinə görə, Azərbaycan ekoloji cəhətdən “təmiz texnologiya”lar tətbiq edən və “yaşıl inkişaf”ı təşviq edən investorlara dəstək verir: “Məlum olduğu kimi, Bakıda keçirilməsi planlaşdırılan COP29 çərçivəsində Ticarət və İnvestisiya Günü tədbiri və bu tədbir çərçivəsində ticarət və investisiya evi pavilyonunu təşkil etməyi planlaşdırırıq”.
Onu da bildirək ki, COP29 komandası Yaponiyada keçirilən Asiya və Sakit Okean regionunun dayanıqlı inkişafı üzrə beynəlxalq forumda iştirak edib. COP29-un "X" hesabında edilən paylaşımda qeyd olunur: “Yaponiyada keçirilən Asiya və Sakit Okeanda Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Forumda COP29-a sədrlik edən danışıqlar qrupu Paris Sazişinin 6-cı maddəsinə əsasən nəticələrin əldə olunması ilə bağlı öz baxışını açıqlayıb, həmçinin dayanıqlı inkişafa dəstək üçün karbon bazarlarının potensialından danışıb”.
Xatırladaq ki, Ermənistan da COP29-a dəvət olunub.
Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən "Hraparak" qəzetinə verilən məlumatda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq: “Biz Ermənistan baş nazirinin Bakıya gedərək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq”.