Kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlər pozuntulara görə 200 manatadək cərimələnəcək Hadisə

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlər pozuntulara görə 200 manatadək cərimələnəcək

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

APA verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər yol hərəkəti qaydalarının pozulmasına qırx manat məbləğində cərimə ediləcək.

Xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə yüz əlli manat məbləğində cərimə tətbiq ediləcək.

Nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə cərimənin məbləği isə iki yüz manatdır.