Tovuzda bir ay əvvəl həmkəndlisini döyərək öldürməkdə şübhəli bilinən şəxs həbs olunub Hadisə

Tovuzda bir ay əvvəl həmkəndlisini döyərək öldürməkdə şübhəli bilinən şəxs həbs olunub

Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Tovuz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 1-də Tovuz rayon sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1969-cu il təvəllüdlü Mübariz Yusifov iyunun 27-də rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Novruz Hacıyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır. Mübariz Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.