Vəzifəli gömrükçülərə qulluq yerini dəyişməklə bağlı kompensasiya ödənilməsi qaydası müəyyənləşib Hadisə

Vəzifəli gömrükçülərə qulluq yerini dəyişməklə bağlı kompensasiya ödənilməsi qaydası müəyyənləşib

"Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası" və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”na əsasən, vəzifəli şəxsə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi ilə əlaqədar aşağıdakı xərc və kompensasiyalar ödənilir:

- yeni qulluq yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci;

- yolda olan müddət üçün gündəlik xərc;

- əmlakın daşınması üçün nəqliyyat xərci;

- vəzifəli şəxsə birdəfəlik kompensasiya;

- vəzifəli şəxsin ailə üzvlərinə birdəfəlik kompensasiya.

Göstərilən xərc və kompen- sasiyalar (50 kilometrdən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi qulluq yerinə getməsi üçün vəzifəli şəxsə və onun ailə üzvlərinə aşağıdakı hallarda ödənilir:

- bir gömrük orqanında olan ştat vəzifəsindən digər gömrük orqanının ştat vəzifəsinə təyin edilərsə;

- gömrük orqanının daimi dislokasiya yeri dəyişərsə;

- gömrük orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunarsa.

Vəzifəli şəxsə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması ilə əlaqədar nəqliyyat xərcləri və birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə ödənilir:

- vəzifəli şəxsə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərcləri - ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləğində (biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla);

- vəzifəli şəxsə yerdəyişmə və ya vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) birdəfəlik kompensasiya - yeni təyin olunduğu vəzifə üzrə bir aylıq vəzifə maaşı və bir aylıq xüsusi rütbəyə görə əlavə haqq məbləğində;

- vəzifəli şəxsə gömrük orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 50 faizi məbləğində;

- vəzifəli şəxsin ailə üzvlərinin hər birinə birdəfəlik kompensasiya - vəzifəli şəxsin bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavənin 25 faizi məbləğində;

- vəzifəli şəxsə 3000 kiloqramadək əmlakın daşınması üçün - müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflərə uyğun məbləğdə.

Qulluq yerini dəyişmə və ya vəzifəyə təyin olunma ilə əlaqədar bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə gedərkən, vəzifəli şəxsə və onun ailə üzvlərinə yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları məbləğində vəsait verilir.

Yerdəyişmə və ya vəzifəyə təyin olunma ilə əlaqədar bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə getmək üçün 50 kilometrdən çox yol qət edərkən vəzifəli şəxsə və onun ailə üzvlərinə bu Qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir. Vəzifəli şəxsə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır. Onun ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə vəzifəli şəxsin aldığı bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır. Vəzifəli şəxsə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi və əmlakının daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq yerinə köçməsini və əmlakının daşınmasını təsdiq edən sənədlər (təyin olunma barədə əmrin (sərəncamın) surəti, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri) təqdim edilməlidir.

Vəzifəli şəxsin və onun ailə üzvlərinin yeni qulluq yerinə köçməsi və əmlakının daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün bu Qaydada göstərilən sənədlər təqdim edilmədiyi (və ya şəxsi avtomobillə yeni qulluq yerinə getdiyi) hallarda, həmin xərclər hava, su, dəmiryol və avtomobil nəqliyyatı ilə gedişə və yükün daşınmasına görə müəyyən edilmiş ən aşağı qiymətlərə uyğun olaraq ödənilir. Birdəfəlik kompensasiya vəzifəli şəxsin ərizəsi (raportu), təyin olunması barədə əmrin (sərəncamın) surəti, ailə üzvlərinin köçüb gəlmələri və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış və ya kirayə müqaviləsi əsasında verilir. Vəzifəli şəxsin ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin edildiyi və ya dislokasiya yerinin dəyişdiyi gündən bir il müddətində vəzifəli şəxsin ailəsi köçüb onun qulluq yerinə gələrkən (əgər vəzifəli şəxs yeni xidmət yerində mənzillə təmin olunmamışdırsa və yaxud uşaqları ali, orta ixtisas, peşə təhsili müəssisələrinin əyani şöbəsində və tam orta ümumtəhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzillə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən bir il müddətinə) ödənilir.

- Birdəfəlik kompensasiya vəzifəli şəxsin onunla birlikdə yaşayan aşağıdakı ailə üzvlərinə ödənilir:

- yaşından və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);

- uşaqlarına (bu Qayda nəzərə alınmaqla) və 18 yaşdan yuxarı əlilliyi olan övladlarına;

- pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq əlilliyi olan valideynlərinə.

Vəzifəli şəxsə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya ştat vəzifəsinə təyin edildiyi yerdə, gömrük orqanının daimi dislokasiya yeri dəyişdiyi hallarda isə yeni dislokasiya yerində ödənilir. Birdəfəlik kompensasiya vəzifəli şəxsin qulluq yerinə müvəqqəti olaraq gələn ailə üzvlərinə ödənilmir.

Yerdəyişmədən və ya vəzifəyə təyin olunduqdan sonra vəzifəli şəxs yeni qulluq yerində qulluğa başlamaqdan imtina etdiyi hallarda onun özünə və ailə üzvlərinə bu məqsədlə ödənilmiş bütün xərclər geri qaytarılmalı və ya həmin şəxsin pul təminatından tutulmalıdır.

“Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”nə əsasən isə gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vəzifəli şəxslərə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:

- Bakı şəhərində - 150 manat;

- Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat;

- başqa şəhər və rayon mərkəzlərində - 75 manat;

- digər yaşayış məntəqələrində - 55 manat.

Qeyd olunan vəzifəli şəxsə onun hər bir ailə üzvünə görə həmin bənddə nəzərdə tutulan müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödənilir.