Elman Eldaroğlu: - Bəli, mən Azər Turanı deyirəm.. Hadisə

Elman Eldaroğlu: - Bəli, mən Azər Turanı deyirəm..

Azər Turanın doğum GÜNÜNƏ

Təmənnasız adamdır, imkanı, gücü daxilində başqalarına kömək etməyə hazırdır. Çalışqan, işgüzar və əzmkardır. Səiqə-səhmanı xoşlayır, çoxuna nisbətən daha sağlam həyat tərzi keçirir, çox səbirlidir. Necə deyərlər, iti gözləri var- ən xırda təfərrüatları görür. Dərin zəka və ağlı sayəsində gözəl müşahidəçidir. Ətrafa nüfuz etmək qabiliyyəti fitrətindən gəlir. Əşyaların quruluşuna, insanların rəftarına çox diqqətlidir. Öz üzərində işləməyi bacarır- bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnməyə can atır. Bunun üçün kifayət qədər səbri və dözümü var...

Deyir ki,- “Vəzifə yüksəlişinə can atmaq heç vaxt ağlımdan keçməyib. Çünki hər bir tərəqqinin nə vaxtsa tənəzzülə uğrayacağına əminəm. “Ədəbiyyat qəzeti”ndəki baş redaktorluq görəvim məndən heç nə almadı. Əksinə, ədəbi ideallarımı gerçəkləşdirmək baxımından geniş imkanlar açdı. Müasir Avropa ədəbiyyatına doğru yola çıxdıq. Ədəbiyyatımızı dünya ədəbiyyatı ilə paralel təqdim etdik. Burda həm Apoliner var, həm də Çingiz Əlioğlu, həm Musa Yaqub, həm də Bodler var. Həm Rembo var, həm də Məmməd İsmayıl. Həm Sabir Rüstəmxanlı, həm də Adonis. Həm Nəriman Həsənzadə, həm də Andre Morua. Həm Anar, Elçin, Kamal Abdulla, həm də Rolan Bart var. Həm Nizami Cəfərov, həm də İvan Qoll. Həm Vaqif Səmədoğlu var, həm də Van Qoq. Həm Mircavad var, həm də Pirosmani. Həm Vaqif Mustafazadə var, həm də Bayron. Həm klassika, həm sürrealizm, həm də postmodernizm. Ən əsası, bütün yersiz qarşıdurmaları, mənasız qovğaları görməzdən gəlib ədəbiyyatı önə çəkirik...”

Bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməyə çalışır. Səmimiyyətinə söhbət ola bilməz. Məntiqi hər zaman hisslərindən yüksək tutur. Bəzən dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Hərdəmxəyal adamlardan uzaq olmağa çalışır...

1963-cü ildə Neftçalada anadan olub. Orta təhsilini doğma yurdda alıb. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub. "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışıb. Hazırda "Ədəbiyyat qəzeti"nin baş redaktorudur. "Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları" mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur...

Əlbəttə ki, söhbət Azər Turandan gedir. Bir sıra mükafatların laureatıdır. Prezident Təqaüdünə layiq görülüb. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı və TÜRKSOY tərəfindən “Vamberi” medalı ilə təltif olunub..

O, həm də yüksək təşkilatçılıq bacarığı ilə tanınır. Nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyi xoşlayır. Onu əhatə edən kiçik detalların belə fərqinə varır və onları diqqətlə nəzərdən keçirir, bu da ona həm işdə, həm də şəxsi həyatda çox vaxt uğur gətirir...

Bəli, mən Azər Turanı belə tanıyıram. Sentyabrın 16-sı onun həyatında əlamətdar günlərdən biridir. Çünki 61 il bundan öncə həmin gün dünyaya gəlib. Gəlin, Azərbaycanın bu dəyərli oğlunun sevincinə sevinc qatıb, onu ad günü münasibətilə ürəkdən təbrik edək.

Çox yaşasın!

Bir 1 nəfər şəkili ola bilər