“Ghost” kibercinayətkarlıq platforması dağıdılıb, 51 nəfər həbs edilib Hadisə

“Ghost” kibercinayətkarlıq platforması dağıdılıb, 51 nəfər həbs edilib

Beynəlxalq hüquq-mühafizə əməliyyatı irimiqyaslı narkotik ticarəti və çirkli pulların yuyulmasına imkan verməklə məşhur olan "Ghost" kimi tanınan rabitə platforması sıradan çıxarılıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

İstintaq bir çox ölkədən olan 51 şübhəlinin həbsinə səbəb olub və bu sayın daha da artacağı gözlənilir.

"Platforma qabaqcıl təhlükəsizlik xüsusiyyətlərinə görə cinayət təşkilatları arasında populyarlıq qazanmışdı və onun dağıdılması qlobal mütəşəkkil cinayət şəbəkələrinə ciddi zərbə vurub", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, əməliyyat nəticəsində bir sıra təhlükələrin qarşısı alınıb, Avstraliyada narkotik laboratoriyası sökülüb və qlobal miqyasda silah, narkotik və 1,11 milyon dollar nağd pul müsadirə edilib.

"Bu gün biz açıq şəkildə bildirdik ki, gizli cinayət şəbəkələri nə qədər gizli olduqlarını düşünsələr də, bizim kollektiv səylərimizdən yayına bilməzlər", - deyə "Europol"un icraçı direktoru Catherine De Bolle qeyd edib.