Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır Hadisə

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, abituriyentlər qeyd olunan vaxtadək qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/).

Müsabiqəyə yalnız 2024-cü il sentyabrın 20-dən 23-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.