“Qrip çox təhlükəli bir xəstəlikdir, onun ölümcül ağırlaşmaları var” Hadisə

“Qrip çox təhlükəli bir xəstəlikdir, onun ölümcül ağırlaşmaları var”

“Mövsümlə bağlı xəstəlikləri törədən, tənəffüs yollarını zədələyən rinavirus, adenovirus və digər viruslar var. Amma onlardan ən təhlükəlisi qrip virusudur”. Bunu xalqcebhesi.az-a açıqlamasında tanınmış həkim-pediatr Vaqif Qarayev söyləyib. Həkim qripin çox təhlükəli bir xəstəlik olduğunu vurğulayaraq hətta onun ölümcül ağırlaşmalarına rast gəlindiyini bildirib: “Qrip çox təhlükəli bir xəstəlikdir. Onun ölümcül ağırlaşmaları var. Məsələn, İspan qripi var ki, 10 milyonlarla insanın həyatına son qoyub. Biz bəzən adi soyuqdəyməyə, burun tutulmasına, boğaz ağrısına da qrip deyirik. Ancaq elə deyil. Qrip virusu gərək aşkar olunsun. Biz gərək laborator müayinədə o virusu tapaq, sonra onun adını qrip qoyaq. İndiki yayılan isə qrip deyil. Xalq dilində desək soyuqdəymədir. Qrip o formada olmur. Qripin gedişatı həddindən artıq çox ağır olur”.