Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən şəxsin məhkəmə prosesi keçirilib Hadisə

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən şəxsin məhkəmə prosesi keçirilib

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Nəcəfov sərbəst ifadə verib.

O, Gəncədə doğulduğunu, Bakıda yaşadığını, ali təhsilli olduğunu deyib.

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablayıb.

Prokurorun “Sən Rəhim Əliyevi haradan tanıyırsan” sualına cavab olaraq bildirib ki, onu “Youtube”dan” tanıyır: “Onunla əvvəl şəxsi münasibətim olmayıb. Ona “İngilis casuslarının etirafları” kitabındakı məlumatların dəqiqliyi ilə bağlı “Teleqram” vasitəsilə suallar ünvanlamışam”.

Təqsirləndirilən şəxs dövlət ittihamçısının “Dövlət Konstitusiyasının dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı paylaşım etmisinizmi” sualına başqa adla yaradılmış profilin ona məxsus olduğunu bildirərək ziddiyyətli cavab verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Rəhim Əliyevə dinlə bağlı suallar da ünvanlayıb: “Mən ondan İslam dinində bəzi şəxslərə sui-qəsdin halal və haram olduğunu soruşmuşam. Əlavə olaraq qeyd etmişəm ki, mənim belə bir məqsədim yoxdur, sadəcə, marağa soruşuram”.

Vəkil bildirib ki, iş materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda xarici ölkələrdən birinin Azərbaycandakı səfirliyinin önündə qısa zaman kəsiyində qalıb. Vəkil Elşən Nəcəfovdan bu fakt barəsində fikrini soruşub.

Təqsirləndirilən Elşən Nəcəfov bildirib ki, səfirliyin önündə işıqfor var və bir gündə 2 dəfə orada durub.

Növbəti proses 3 oktyabra təyin olunub.

Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.

Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214.2 (terrorçuluq - eyni əməllər, təkrar törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham elan edilib.