Xidmət rəisi: Seçkilər zamanı Azərbaycana qarşı kiber hücumlara cəhdlər vardı Hadisə

Xidmət rəisi: Seçkilər zamanı Azərbaycana qarşı kiber hücumlara cəhdlər vardı

Təkcə COP29 deyil, digər beynəlxalq tədbirlər zamanı da Azərbaycana çoxlu sayda kiber hücumlar olur.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

"Vətəndaşlar bunu görmür. Xidmət olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Amma bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dəvlət qurumlarına qarşı kiber hücumlar və təhdidlər olur . Həmçinin COP29-la bağlı belə hücumlar baş verir", - deyə İ.Musayev əlavə edib.

O bildirib ki, seçkilər zamanı da Azərbaycana qarşı kiber hücumlara cəhdlər vardı:

"Prezident və Milli Məclisə seçkilər zamanı kiber hücumlara cəhdlər edilirdi. Sadəcə biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik iş gedir. "Facebook", "İnstagram", "Tiktok" kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq".