Payızın ənənəvi problemi: mövsümi viruslardan necə qorunaq? Hadisə

Payızın ənənəvi problemi: mövsümi viruslardan necə qorunaq?

Payız mövsümü yeni başlayıb. Artıq mövsümi viruslara yoluxanların sayında artım müşahidə olıunur. Xüsusilə uşaqlar daha tez yoluxurlar. Ümumiyyətlə əhali viruslardan qorunmaq üçün nə etməlidir, peyvəndlənmə vacibdirmi? Onu da qeyd edək ki, peyvəndlərlə bağlı əhali arasında formalaşan fikir birmənalı deyil. Ümümiyyətlə peyvəndlərə mənfi münasibət nə qədər əsaslıdır və bu fikirlərin formalaşma səbəbləri nədir? Bu və digər məsələlərlə bağlı mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər

“Qrip çox təhlükəli bir xəstəlikdir, onun ölümcül ağırlaşmaları var”

Həkim-pediatr Vaqif Qarayev bildirib ki, mövsümlə bağlı xəstəlikləri törədən, tənəffüs yollarını zədələyən rinavirus, adenovirus və digər viruslar var: “Amma onlardan ən təhlükəlisi qrip virusudur”. Həkim qripin çox təhlükəli bir xəstəlik olduğunu vurğulayaraq hətta onun ölümcül ağırlaşmalarına rast gəlindiyini bildirib: “Qrip çox təhlükəli bir xəstəlikdir. Onun ölümcül ağırlaşmaları var. Məsələn, İspan qripi var ki, 10 milyonlarla insanın həyatına son qoyub. Biz bəzən adi soyuqdəyməyə, burun tutulmasına, boğaz ağrısına da qrip deyirik. Ancaq elə deyil. Qrip virusu gərək aşkar olunsun. Biz gərək laborator müayinədə o virusu tapaq, sonra onun adını qrip qoyaq. İndiki yayılan isə qrip deyil. Xalq dilində desək soyuqdəymədir. Qrip o formada olmur. Qripin gedişatı həddindən artıq çox ağır olur”.

“Təbabət deyir ki, sən özünü bu yolla xəstəliklərdən qoruya bilərsən”

Vaqif Qarayev söyləyib ki, əhali arasında peyvəndə qarşı müsbət fikir yoxdur. O, bildirib ki, bizim xalq təkcə qripə qarşı peyvəndə yox, ümumiyyətlə, peyvəndə düşmən kimi baxır: “Təbabət deyir ki, sən özünü bu yolla xəstəliklərdən qoruya bilərsən, amma hamı ayağa qalxır ki, peyvənd lazım deyil, təhlükəlidir. Dünya tibb elmi hələ hansısa peyvəndin kütləvi fəsadı haqqında heç bir məlumat verməyib. Bildirim ki, COVİD peyvəndi ilə bağlı bəzi ölkələrdə hətta məhkəmə çəkişməsi var, lakin o da təsdiqini tapmayıb ki, o peyvənd zərərli olub, yoxsa yox”.

“Qrip virusunun 4 ştammı var”

Onun sözlərinə görə, qrip virusunun 4 ştammı var: “Qrip peyvəndinə gələndə isə qrip virusunun A,B,C,D və s. kimi ştamları var. Ən çox yayılanı elə ilk sadaladığım A,B,C,D ştamlarıdır. Əslində öncədən hansı ştam yayılacaq öyrənilir. Məsələn, Azərbaycanda payızda qripin hansı ştamları yayılacaqsa əvvəlcədən öyrənilir və o aylarda həmin ştama qarşı peyvəndə başlanılır. İndi bildiyim qədəri ilə qripin 4 ştamına qarşı Azərbaycana peyvənd gətirilib və poliklinikalarda bu peyvəndlərdən istifadə edirlər”.

“Sosial şəbəkələr əhalini ayağa qaldırır ki, peyvənd etdirməyin”

O, həmçinin “peyvəndin ciddi bir fəsadını görməmişəm”,-deyə əlavə edib: “Xüsusilə valideynlər övladlarını peyvənd etdirməlidir. Sosial şəbəkələr əhalini ayağa qaldırır ki, peyvənd etdirməyin. Açığı mən bu qədər vaxtda hansısa peyvənddən ciddi bir fəsad görməmişəm. Sizin vasitənizlə əhaliyə müraciət edirəm ki, əgər sizin uşaqlarınız tez-tez xəstələnirsə, yaxşı olar ki, uşaqlarınızı peyvənd etdirəsiniz. Keçən il influenza qrip virusu yayılmışdı və xüsusən 5 yaşa qədər uşaqlarda çox ciddi ağırlaşmalar verirdi. Yəni biz bütün bu epidemiyalardan qorunmaq istəyiriksə, uşaqlarımızı gərək peyvənd etdirək”.

V.Qarayev vurğulayıb ki, peyvənd həkimin tövsiyəsidir, tibb hökm etmir, sadəcə tövsiyə edir ki, peyvdən etdirsəniz xəstələnməzsiniz.

“Peyvəndlərin hər il mövsümü qripə uyğun olaraq yenisi formalaşır”

Həkim-infeksionist Ləman Qalimova isə deyib ki, qrip insanlar arasında çox tez yayılan bir infeksiyadır: “Hər il olduğu kimi mövsüm dəyişdikcə qrip yayılmağa başlayır. Yeni tədris ili başladığına görə də uşaqlar, insanlar arasında qrip daha tez yayılır”. O qeyd edib ki, sentyabr, oktyabr, noyabr ayları mövsümü qripə qarşı peyvəndlərin əsl vurulan vaxtlarıdır: “İnsanlar yoluxmasınlar deyə sentyabr, oktyabr, noyabr ayları mövsümü qriplərə qarşı peyvəndlərin əsl vurulan vaxtlarıdır. Ölkəmizdə mövsümü qripə qarşı peyvənd var və bu peyvəndi yaşadıqları ərazi üzrə polinkliniklara yaxınlaşaraq istənilən insan vurdura bilər. Heç bir zərəri də yoxdur. Yəni bu peyvəndlər illərdir ki, var və hər il də mövsümü qripə uyğun olaraq onların yenisi formalaşır. Onlardan da istifadə etməyimiz tövsiyə olunur. Hər kəs vurdursa qrip xəstəlikləri azalar”.

İnfeksionist vurğulayıb ki, qripə yoluxub, sonradan ağırlaşmaları olub pnevmoniya və digər fəsadları verməkdənsə peyvənd etdirib qorunmaq daha məqsədəuyğundur.

“Qripdən qorunma yolları iki hissədən ibarətdir”

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, qrip infeksiyasına ilboyu rast gəlinsə də mülayim iqlimli ölkələrdə əsasən payız-qış aylarında daha da çoxalır. O əlavə edib ki, bunu nəzərə alaraq əksepidemik tədbirlər məhz bu aylarda gücləndirilir: “Qripdən qorunma yolları iki hissədən ibarətdir: “Birincisi qeyri-spesifik tədbirlərdir ki, bunlar da bütün hava-damcı respirator infeksiyalar üçün ümumidir. Bu, koronavirus pandemiyası zamanı tətbiq edilib (maskanın geyilməsi, sosial məsafənin gözlənilməsi, əl gigiyenası və s.). İkinci və ən effektiv yol isə qripə qarşı hər il payızın başlanğıcında vaksinasiyanın aparılmasıdır. Birinci növbədə bu, 5 yaşın altında olan uşaqlara (6 aydan böyük), yanaşı ağır xroniki xəstəliyi olanlara və ahıl yaşlı şəxslərə tövsiyə olunur”.

“Effektiv və təhlükəsiz olan peyvəndlər sifariş alınıb”

Ekspert söyləyib ki, bu il də Səhiyyə Nazirliyi tərəfindən mövsümü qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər alınıb və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanıb: “Arzu edən şəxslərin, qeyd etdiyim kimi birinci növbədə risk qrupuna daxil olan insanların müraciəti tövsiyə olunandır. Təbii ki, hər bir bioloji preparatın müəyyən yan təsirləri ola bilər. Qrip vaksininin tətbiqi zamanı bəzi hallarda inyeksiya yerində müvəqqəti xarakter daşıyan və heç bir müdaxilə tələb etməyən yerli reaksiyalara (qızartı, şişkinlik, qaşınma, cüzi ağrı və s.) rast gəlinə bilər”.

T.Eyvazov həmçinin əlavə edib ki, bəzi hallarda peyvəndin istifadəsinə müvəqqəti nisbi əks göstərişlər ola bilər (məsələn, həmin şəxsin hər hansı bir infeksion xəstəliyin qızğın dövründə olması və s.). Bu zaman həmin şəxslərə müəyyən vaxtdan sonra peyvəndi icra etmək olar.

Röya İsrafilova