“Suvarma sistemlərində su itkisi 50 faizdən çoxdur” Hadisə

“Suvarma sistemlərində su itkisi 50 faizdən çoxdur”

“Bizim birinci problemimiz odur ki, Azərbaycan dünyanın su ilə təminat səviyyəsinə görə təbiətin ona ən az su verdiyi ölkədir”. Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O, Qafqazın su resusrlarının ən əhəmiyyətli hissəsinin Gürcüstanın və Ermənistanın payına düşdüyünü qeyd edib: “Qafqazın su resurlarının ən əhəmiyyətli hissəsi Gürcüstanın, Ermənistanın payına düşür. Onlar bizdən dəfələrlə çox su ehtiyatlarına malikdirlər. İkinci məqam da əlimizdə olan su ehtiyatlarının da ciddi itkilərinin olması ilə bağlıdır. Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin dediyi məlumatlara əsaslanıram ki, suvarma sistemlərində su itkisi 50 faizdən çoxdur, bəzən 60 faiz də deyilir. İçməli suda isə 30 faiz ətrafında itki var. Bu, ciddi problemdir. İtkilərin formalaşmasının birinci səbəbi meliorasiya və irriqasiya sistemlərində suvarma suları beton örtüklü kanallarla əraziyə verilməməsi, torpaqla verilməsidir. Yəni qazma üsulu ilə verilir, o zaman da torpaq suyu çəkir. İtki əsas orada olur”.