“Bakı metropoliteninin texniki imkanları dəyişməlidir” Hadisə

“Bakı metropoliteninin texniki imkanları dəyişməlidir”

“Metroda sıxlığın səbəbi təbii ki, sərnişindaşıma nəqliyyat növü olduğu üçün sərnişinlərin sayının artması ilə bağlıdır. Ümumiyyətlə, son 10 illik bir dövrü götürsək Bakı metropolitenində bu müntəzəm, hər tədris mövsümündə yaşanan bir haldır”. Bunu xalqcebhesi.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov söyləyib. O qeyd edib ki, Pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinə qoyulmuş məhdudiyyətlərə görə sıxlıq təxminən 2020, 2021, 2022-ci illər ərzində çox da özünü biruzə vermirdi, lakin 2023-cü ildən başlayaraq yenidən sərnişin sayının artması müşahidə olunur və bu, əvvəlcədən elə belə də proqnozlaşdırılırdı: “Bu il yeni tədris mövsümü ərəfəsində də bütün açıqlamalarımızda hətta 2023-cü ilin eyni dövrünə nəzərən sərnişin sayında artımların olacağını qeyd edirdik. Ümumiyyətlə, sərnişindaşıma prosesinin təşkilində metropoliten üçün bir xüsusi məqam var. Bakı metropoliteni inşa olunarkən müəyyən ölçülər və sərnişindaşıma qabiliyyəti üçün nəzərdə tutulmuşdu. Bugünkü reallıqlar Sovet dövründə, yəni yarım əsr bundan əvvəl metronun inşasına başlayarkən nəzərdə tutulmamışdı. Yəni bugünkü reallıqlar da bunu göstərir ki, şəhər əhalisinin sayı artdığına görə Bakı metropoliteninin texniki imkanları dəyişməlidir”.

Röya İsrafilova