“Metropolitendə intervalın aşağı salınması qeyri-mümkündür” Hadisə

“Metropolitendə intervalın aşağı salınması qeyri-mümkündür”

“Metropolitendə sıxlıqların tənzimlənməsi məqsədi ilə yeni tədris mövüsümünün əvvəlindən elan olunmuş hərəkət qrafiki bu gün Bakı metropoliteninin real texniki imkanları çərçivəsində ən optimal tətbiq olunmuş hərəkətin təşkili nizamlanması qaydasıdır”. Bunu xalqcebhesi.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov söyləyib. B.Məmmədov əlavə edib ki, texniki cəhətdən Bakı metropolitenində intervalın daha aşağı salınması qeyri-mümkündür: “Bu heç də qatarların sayı ilə bağlı deyil. Yəni Bakı metropoliteni stansiya və tunellərinin, eyni zamanda, qatarların hərəkətinin təşkili ilə bağlı sistemlərin fəaliyyəti məhz bu məhdudiyyətləri yaradır. Bu səbəbdən 28 May və Həzi Aslanov istiqamətində səhər və axşam gur saatlarda 2 dəqiqəlik interval minimal olaraq tətbiq oluna bilir və məhz qeyd etdiyim ilk böyük problem ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər 28 May stansiyasında birləşərək Həzi Aslanova qədər birxətli hərəkət təşkil olunduğundan artıq Dərnəgül və İçərişəhər istiqamətində minimal intervalların, ümumiyyətlə, hər iki xətt boyunca dünya təcrübəsində olan ən minimal intervalları tətbiq etmək mümkün olmur”. O, diqqətə çatdırıb ki, bu səbəbdən Bakı metropoliteninin hər bir stansiyasının buraxıcılıq qabiliyyəti, hər bir qatarının sərnişin tutumu imkanları nəzərə alınmaqla müvafiq tədbirlər görülür: “Yəni səhər və axşam gur saatlarda metropolitendə qeyd etdiyim texniki imkanların son həddində hər bir şey tətbiq olunduğundan ehtiyat qatarlardan istifadə edilməsi qeyri-mümkündür. Bu səbəbdən də yalnız qatarların manevrlərindən istifadə olunur. Günorta saatlarında isə axşam və səhər saatlarına təxminən bərabər sərnişinin gur axını birinci tədris prosesində birinci dərs növbəsinin başa çatdığı vaxtda, təxminən 1 saat ərzində hiss olunur”.