Elnur Soltanov: Karbon bazarları və karbona qiymət qoyulması ilə bağlı danışıqlar aparılır Hadisə

Elnur Soltanov: Karbon bazarları və karbona qiymət qoyulması ilə bağlı danışıqlar aparılır

"Karbon bazarları və karbona qiymət qoyulması ilə bağlı danışıqlar aparılır”.
APA xəbər verir ki, bunu “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

O bildirib ki, karbona qiymət qoyan zaman vergi, emissiyalar nəzərə alınmalıdır:

“Dünya irəli gedir. Bu məsələyə çox kreativ insanlar cəlb olunur. COP-26-da Birləşmiş Krallıq çox əhəmiyyətli addımlara imza atıb. Karbon bazarları ilə bağlı problem ölkəyə bağlıdır. Bu baxımdan maarifləndirmə, təlimlər önəmlidir. Eyni zamanda ən önəmli məsələ odur ki, karbon bazarları sərhədləri aşır. Burada əsas sual yaradan 6-cı maddədir. Bu maddənin təkmilləşməsi üçün ölkələrin dəstəyinə ehtiyac var. Karbon bazarları ilə bağlı çətinlikləri yaradan birtərəfli atılan addımlardır. Bəzi birtərəfli addımlar müəyyən problemlər yarada bilər. Bunu da Paris sazişi və digər imzalanan sənədlərdə müəyyən olunmuş öhdəliklərə bağlamaq lazımdır. Bəzi birtərəfli addımlar digər ölkələr üçün suallar yarada bilər. Ən səmərəli yol karbon emissiyalarının azaldılmasıdır. Biz bunu etməsək, istixana qazları ilə bağlı məsələni aradan qaldırmasaq, problem dərinləşəcək. Bizim ölkədə də hazırda bu sahəyə maliyyə yatıranlar var, bundan pul da qazananlar var. Qanunvericilik hissəsi də artıq hazırdır, İqtisadiyyat Nazirliyi bu sahədə çox fəaldır”.