Milli Kitabxana “Azərbaycan ekologiyası” biblioqrafiya kitabının təqdimatını keçirib Hadisə

Milli Kitabxana “Azərbaycan ekologiyası” biblioqrafiya kitabının təqdimatını keçirib

Azərbaycan Milli Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov biblioqrafiyada ekologiyamız, yaşıl dünya və flora aləminə həsr olunmuş materialların öz əksini tapdığını vurğulayıb.

“Biblioqrafiya Azərbaycan və rus dillərində “Rəsmi sənədlər”, “Kitablar”, “Monoqrafiyalar”, “Dissertasiyalar və avtoreferatlar”, “Məcmuələrdə və dövri mətbuatda dərc olunmuş məqalələr” və “Köməkçi göstəricilər” adlı bölmələrdən ibarətdir. Ümumilikdə 7289 adda mənbəni əhatə edir. Kitabda ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması, iqlim dəyişmələrinin mənfi təsirlərinin azadılması, biomüxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, yaşıllıqların mühafizəsi, çirklənmiş ərazilərin bərpası və s. mövzular yer alıb. Həmçinin Xəzər dənizinin ekoloji mühitinin, atmosfer havasının mühafizəsi, mineral-xammal bazasının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhsilin artırılmasından bəhs olunan kitablar, monoqrafiyalar və dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunan zəngin materiallar öz əksini tapıb”, - deyə o əlavə edib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Mədəniyyət Nazirliyi və Milli Kitabxananın bir çox layihələr həyata keçirdiyini söyləyib: “Yaşıl dünya naminə həmrəylik ili”nin sonuna qədər tədbirlərin sayı artacaq. Biblioqrafiyanın hazırlanması üçün uzun zaman tələb olunur. Bu biblioqrafiyanın ərsəyə gəlməsində Milli Kitabxananın rəhbərliyi və kollektivinin əməyi danılmazdır”.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli isə X Bakı Beynəlxalq Kitab Sərgisinin önəmindən danışıb, “Azərbaycan ekologiyası” biblioqrafiyasının əhəmiyyətini diqqətə çatdırıb.