“Düşünürəm ki, Çexov burada da hansısa məqamda mesaj verir”-Ərtoğrul Kamal Hadisə

“Düşünürəm ki, Çexov burada da hansısa məqamda mesaj verir”-Ərtoğrul Kamal

“Çexovun əsərlərindəki mövzuların aktuallığı Azərbaycan gerçəkliyi ilə üst-üstə düşür, bunun üçün də insanların marağına səbəb olur. Tamaşanı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlamışıq. Səhnə əsərinin adı “Palata”dır”. Bunu xalqcebhesi.az açıqlamasında “6 №-li palata” tamaşasının quruluşçu rejissoru Ərtoğrul Kamal deyib: “Bildirim ki, Çexovun fikirləri, əsərlərindəki mövzuların aktuallığı Azərbaycan gerçəkliyi ilə üst-üstə düşür. Həmçinin Çexov bütün dünya üçün aktual yazıb və bizə də aiddir. Ona görə də qabardılan problemlər Azərbaycan cəmiyyətində olan problemlərlə hardasa ayaqlaşır. Bunun üçün də tamaşaçıların marağına səbəb olur. Tamaşa ümumilikdə bir saatdır və biz tamaşaçılarla bir tandem yarada bilirik. Əlbəttə, tamaşada fərqli məqamlar, mövzular, istiqamətlər var. Bunun üçün də gərək tamaşaçılar gəlib baxsınlar. Mənim rolum yəhudi Dilənçi roludur. Yalnız o, ağıllı adam hesab olunur. Düşünürəm ki, Çexov burada da hansısa məqamda mesaj verir. Əlbəttə, o mesajı da biz tamaşada özünəməxsus şəkildə tamaşaçıya təqdim etməyə çalışmışıq. Baxmaq istəyənlər gəlib baxa bilərlər”.
Xarırladaq oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci mövsümün ilk premyerası nümayiş olunub. Bu, məşhur yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanmış (səhnələşdirən: Bəhram Osmanov) “Palata” tamaşasıdır.
Qeyd edək ki, bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan səhnə əsərində obrazları Ərtoğrul Kamal (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev, balet artisti Hüseyn Heydərli canlandırırlar. Həmçinin səhnə əsərinin quruluşçu rejissoru Ərtoğrul Kamal, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır.