SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub Hadisə

SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Oktyabrın 8-9-da Azərbaycanda keçirilən Halal Biznes və Turizm Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) direktoru Zehra Zümrüd Selçukla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə statistika, iqtisadi və sosial araşdırmaların aparılmasında, təcrübə və texniki məlumatların mübadiləsində SESRIC-in mühüm rolunu qeyd edib.

Nazirliyin SESRIC-lə davamlı tərəfdaşlığa xüsusi önəm verdiyi vurğulanıb. Ötən ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə SESRIC arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın daha da genişlənməsinə imkan yaratdığı bildirilib.

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılan Əmək Mərkəzinin təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb.

Z.Z.Selçuk iki qurum arasında əməkdaşlığın getdikcə genişlənməkdə olmasından məmnunluğunu ifadə edib. Görüşdə SESRIC-lə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, habelə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.