İrəvan quberniyasının türk-müsəlman əhalisinin soyqırımı Hadisə

İrəvan quberniyasının türk-müsəlman əhalisinin soyqırımı

(Cənubi Qafqaz Seyminin sənədləri üzərindən təhlil)

Giriş.

İlk öncə Cənubi Qafqaz Seyminin yaradılması ərəfədə Cənubi Qafqaz bölgəsinin siyasi vəziyyətinə nəzər yetirmək zəruridir. Seymin yarandığı ərəfədə Cənubi Qafqazda siyasi şəraiti aşağıdakı kimi sıralamaq olar: 1) Rusiya imperiyasının ərazisində özbaşınalıqlar hökm sürürdü və vətəndaş qarşıdurması başlamışdır; 2) Ümumrusiya Müəssislər Məclisi 1918-ci il yanvar ayında, RSFSR XKS-nın rəhbəri V.İ.Leninin göstərişi ilə qovulmuşdur; 3) birinci dünya müharibəsi başa çatmamış, ilhaqsız və təzminatsız sülh hələ bağlanmamışdır; 4) milli məsələ öz aktuallığını saxlayırdı. Erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı soyqırımların həyata keçirilməsi davam edirdi; 5) Diyarın aqrar məsələsi və millətlərin öz müqəddəratlarını müstəqil və azad surətdə müəyyən edilməsi məsələsi həll edilməmişdir.

Cənubi Qafqazda gedən siyasi proseslərə ən böyük mənfi təsir göstərən amillərdən biri İrəvan quberniyasında erməni silahlı dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları qeyd etmək mümkündür. Digər bir ami isə S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin antiAzərbaycan siyasətinin nəticəsində, Bakı quberniyasının qəzalarında Daşnaksütyun partiyasına və erməni Milli Şurasına tabe olan silahlı qüvvələri tərəfindən türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar idi.

Məlumdur ki, birinci dünya müharibəsi zamanı Rusiya ordusunun tərkibində erməni hərbi birləşmələri fəaliyyət göstərirdilər. Xüsusilə, Qafqaz cəbhəsində erməni hərbi birləşmələri çoxluq təşkil edirdilər. Hətta ali hərbi rəhbərliyin rəsmi bildirdiyinə görə cəbhədə, rus ordusunun tərkibinin 22 faizini ermənilər təşkil etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918 года, с. 37). Əlbəttə, belə olan təqdirdə Qafqazda, xüsusilə Qafqaz cəbhəsinə yaxın olan ərazilərdə çoxluq təşkil edən türk-müsəlman əhalisi daha çox təhlükəyə məruz qalmışdır. Erməni silahlı dəstələri əllərinə düşən fürsətdən istifadə edərək, dinc türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törətmişdilər.

Bəhs olunan dövrdə Cənubi Qafqazda milli qarşıdurmalarla bağlı Seymdə ciddi müzakirələr aparılmışdı. Belə müzakirələrdən biri də İrəvan quberniyasında erməni silahlı dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətmiş olduğu qırğınlarla bağlı idi.

İrəvan quberniyasında ermənilərin müsəlman əhaliyə qarşı törətdikləri qırğınlarla əlaqədar məsələni, Seymin 19 fevral tarixli 1-ci sessiyasının 7-ci iclasında Mir Hidayət bəy Seyidov tərəfindən qaldırılmışdı. M.H.b.Seyidov çıxışında Qəmərli kəndində ermənilərlə müsəlmanlar arasında döyüşlərin getməsindən danışmışdır. O, iclasda İrəvandan hərbi komissar Xosrov bəy Sultanovun verdiyi məlumatı oxumuşdur. Daha sonra M.H.b.Seyidov, Qəmərlinin yer üzündən silindiyini, Uluxanlının mühasirəyə alındığı və Gümrüdə erməni hərbi hissələrinin müsəlmanların yaşadıqları ərazilərə hərəkət etmələri barədə məlumatların daxil olduğunu qeyd etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918 года, с. 39-40). Bu məsələ ilə bağlı Seymin iclasında çıxış edən Aslan bəy Səfikürdski (Müsəlman sosialist blokundan) də Qəmərli kəndinin məhv edilməsi və buradakı dinc müsəlman əhaliyə qarşı ermənilərin törətdiyi qırğınlardan bəhs edərkən, bu hadisəni kütlənin boyununa qoymağın düzgün olmadığını bildirmişdi. O, doğru olaraq qeyd etmişdir ki, əgər artileriyanın, pulamyotun tətbiq olunmasından danışılırsa, onda burada təşkil olunmuş gücdən söhbət getməlidir. Əlbəttə, sadə insanlar özbaşına bu qədər silah-sursatı əldə edə bilməzdi. Burada artıq, bu hərbi hissələrə rəhbərlik edən rəhbər var, burada artıq batareya komandir, diviziya komandiri var. O, real hadisələrdən çıxış edərək Qars vilayətinin müsəlman əhalisinin müəyyən bir plan əsasında məhv edildiyini və üç il müddətində bu hadisənin davam etdiyini Seym üzvlərinin diqqətinə çatdırmışdı. A.b.Səfikürdski, eyni zamanda Türk qoşunlarının irəliləməsinin səbəbini bu hadisələrlə əlaqələndirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918 года, с. 47-49). Daha sonra çıxış edən N.Jordaniya anarxiyanın milli toqquşma forması almasının getdikcə güclədiyini etiraf etmişdir. Lakin o, bu anarxiyanın qarşısının alınması və günahkarların cəzalandırılması üçün Komissarlığın gücü və səlahiyyətinin olmadığını bildirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918 года, с. 50).

Qafqazdakı anarxiya ilə bağlı çıxış edən CQK-nın sədri Y.P.Gegeçkori bunun səbəbini bəzi hərbi hissələrin ayrı-ayrı millətlərin nəzarəti altında olması ilə əlaqələndirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918 года, с. 52).

Seymdə ticarət və sənaye işləri üzrə komissar Məmməd Yusif Cəfərov da çıxışında İrəvan quberniyasında vəziyyətin faciəli olduğunu qeyd etmiş və quberniyanın müsəlman əhalisinin ağır günlərini yaşadığını bildirmişdi [(Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое, с. 57].

İrəvan quberniyasında baş verən hadisələrlə əlaqədar aparılan müzakirələrdən sonra Seym, fövqəladə səlahiyyətlərə malik olan Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlı qərar qəbul etmişdir.

Seymin sonrakı yığıncaqlarının birində Diyarın ayrı-ayrı yerlərində baş vermiş qarşıdurmaları tədqiq edən və fövqəladə xarakter daşıyan 5 nəfərdən ibarət Parlament Komissiyasının yaradılmasına razılıq verilmişdir. Komissiyanın tərkibinə Müsavat fraksiyasından Xan Xoyski, sosialist-inqilabçılar fraksiyasından Atabəyov, sosialistlər fraksiyasından Səfikürdski, menşeviklərdən Georqadze, Daşnaksütyun fraksiyasından Xaçaturyans daxil edilmişdilər (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание восьмое. 20 февраля 1918 года, с. 36).

Komissiyanın yaradılmasına baxmayaraq, yenə də İrəvan quberniyasında dinc türk-müsəlman əhaliyə qarşı erməni silahlı dəstələrinin özbaşınalıqları ilə bağlı məlumatlar gəlməkdə davam edirdi. Ona görə də Seymin iclaslarında İrəvan quberniyasında erməni silahlı dəstələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətmiş olduğu qətliamlarla bağlı müzakirələr davam etdirilmişdi. Hətta İrəvan quberniyasında baş verən hadisələrlə əlaqədar olaraq Seymin 19 fevral tarixli iclasında fövqəladə səlahiyyətlərə malik olan Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlı qərar da qəbul edilmişdir. Buna baxmayaraq, İrəvan quberniyasında erməni silahlı dəstələrinin özbaşınalıqları davam etmək idi. Ona görə də Seymin 22 fevral tarixli iclasında İrəvan quberniyasının türk-müsəlman əhalinin yaşadığı kəndlərdə ermənilərin törətmiş olduqları kütləvi qətliamlar yenidən müzakirəyə çıxarılmışdı. Komissarlığın sədri Gegeçkori söz alaraq İrəvan quberniyasından çox böyük hadisələrlə bağlı məlumatlar daxil olduğunu bildirmişdi. Onun fikrincə, Seym həmin kədərli və qanlı hadisələrə biganə qala bilməz. Gegeçkori, Seymin Rəyasət Heyətinin bu qanlı qırğınların qarşısını almaq üçün həm müsəlman, həm də erməni milli şuralarına müraciət göndərməsini məqsədəuyğun hesab etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятое. 22 февраля 1918 года, с. 51-52).

Daha sonra Seyidov İrəvan hadisələri ilə bağlı çıxış etmişdir. O, İrəvan şəhərində baş vermiş hadisələrlə bağlı milis rəisi və milli komitə üzvünün məlumatını Seym üzvlərinə çatdırmışdı. Həmin məlumatda deyilirdi ki, şəhərdə nisbətən sakitlikdir, lakin müsəlmanlar və ermənilər hələ də evlərindədir və bazara çıxmırlar. Dünəndən şəhərdə hərbi vəziyyət tətbiq edilib. İnqilab məhkəməsinin üzvləri küçələrdə gəzir, sülh yolu ilə məsələnin həllinə ümid var. Dünən xəbər verildiyi kimi, bazarda bir çox müsəlman dükanları yandırılaraq qarət edilib. Ermənilər İrəvan hadisələrindən iki gün əvvəl Uluxanlı hadisələrinin onları çox əsəbiləşdirdiyini və ora dinc nümayəndə heyətinin göndərilməsinin lazım olduğunu bildirdilər. Amma dinc nümayəndə heyəti əvəzinə Uluxanlını atəşə və qılınca tutan hərbi qüvvə göndərildi. Dünən keçirilən iclasda polkovnik Pirumov Uluxanlı artıq mövcud olmadığını demiºdir” (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятое. 22 февраля 1918 года, с. 52). Məlumatda, eyni zamanda Hacı İlyas, Arbat, Qəmərli və digər yaşayış məskənlərində müsəlmanlara qarşı erməni əsgərlərinin törətmiş olduqları vəhşiliklər haqqında da bəhs olunurdu.

Daşnaksütyun partiyasının üzvü Amaspüre də İrəvan quberniyasında vəziyyətin yaxşı olmadığı mübahisə doğurmadığını etiraf etmişdir. Onun fikrincə, yaradılmış parlament komissiyası bütün məsələlərlə, o cümlədən İrəvan quberniyasındakı məsələ ilə də məşğul olmalı idi. Lakin Amaspüre çıxışında İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törədilən qətliamlarla bağlı konkret bir fikir söyləməmiş, yalnız ümumi sözlərlə kifayətlənmişdir. O, İrəvan quberniyasındakı hadisələrdən diqqəti yayındırmaq üçün, Yelizavetpol quberniyasındakı hadisələrə də diqqət verilməsini bildirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятое. 22 февраля 1918 года, с. 53-54).

İrəvan quberniyasının komissarı Saak Torosyanın Seymə ünvanladığı teleqramda isə hadisələr tamam “yumşaq” formada şərh olunmuşdur. Onun məlumatından belə bir fikir hasil olur ki, guya müsəlman milli şurası quberniyanın ayrı-ayrı məntəqəsində tatar “quldur dəstələri”ni cilovlaya bilmirlər, ona görə də erməni hərbi hissəsindən kömək istəyiblər. Saak Torosyanın məlumatında erməni silahlı dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətmiş olduqları qırğınlardan bir cümlə belə yazılmamışdır. Əksinə o, teleqramın sonunda yazırdı ki, guya gecələr ermənilər, şəhərin onlara məxsus hissələrdə qalan müsəlmanların şəxsi təhlükəsizliyinin keşiyində durmuş, müsəlmanlar da ermənilərlə eyni şeyi etmiş, səhər isə onları salamat olaraq bir-birlərinə qaytarmışlar. Ümid edirik ki, bu yolla məsələ müsbət mənada həllini tapacaq (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятое. 22 февраля 1918 года, с. 54-55). Lakin Torosyanın bu riyakar məlumatına baxmayaraq, Seymin sonrakı iclaslarında da erməni vəşilkiləri haqqında müzakirələr aparılmışdı.

Cənub Qafqaz Diyarında baş verən milli münaqişələrlə bağlı Seymin 7 mart tarixli iclasında da müzakirə olunmuşdur. Əslində, Seymin bu iclasında Aqrar məsələ ilə bağlı qanun layihəsi müzakirə olmalı idi. Lakin Şəfi bəy Rüstəmbəyov aqrar islahatla bağlı qanun layihəsinin fraksiyalarda çox diqqətlə təhlil olunduqdan sonra müzakirəyə çıxarılmasının tərəfdarı olduğunu bildirmişdi. Bunun əvəzində, o, birinci olaraq İrəvan məsələsi ilə bağlı yaradılmış nümayəndə heyətinin məlumatının hərtərəfli müzakirəsinin keçirilməsinin vacibliyini irəli sürmüşdür (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 2).

Vaqif Abışov

Tarix üzrə elmlər doktoru

(Ardı növbəti sayımızda)