Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Bakı yollarında tıxac ilbəil artır. İnsanlar tıxacda vaxt itirməmək üçün metrodan daha çox itsifadə etməyə üstünlük verirlər. Amma son zamanlar metroda da sıxlıq problemi yaşanı. Sərnişinlər qatara minmək üçün bəzən 20 dəqiqəyədək gözləməli olurlar. Əsasən tədris mövsümü zamanı tələbələrin də çox olduğu bəzi stansiyalarda səhər və axşam saatlarında metroya daxil olmaq çox çətinləşir. Ümumiyyətlə, problemin səbəbləri nədir və necə aradan qaldırmaq olar? Bununla bağlı ekspertlər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov söyləyib ki, Bakı metropoliteninin cəmi 3 xətti və 27 stansiyası var, bu, ondan xəbər verir ki, uzun illər Bakı metropoliteni genişlənməyib. O bildirib ki, zamanında hansı üslub qoyulubsa, elə də davam edib və təxminən 10 ildə 1 stansiya tikilib: “Halbuki, 2-3 il ərzində stansiyaların sayını artırmaq olardı. Metrolarda depoların sayını artırmaq olardı ki, qatarlar orada müəyyən dəyişikliyi, geridönməni həyata keçirə bilsin. İndiki zamanda isə Bakıdakı əhalinin və Bakıya gələn turistlərin sayı artıb. Həmçinin insanların metroya olan tələbatı da artıb. Çünki əvvəllər mövcud olan tramvay, trolleybus xətləri də sökülüb. İctimai nəqliyyatda güc əsasən avtobus və metroya düşüb”.
E.Cəfərov metroda qatarlar arasında interval məsələsinə də toxunaraq bildirib ki, intervalları azaltmaq üçün qatarlar buraxılmalıdır: “Amma qatarlar da metroda təhlükəsizlik məsələlərinə görə müəyyən intervalda hərəkət etməlidir. Onların geridönüş imkanları olmalıdır. Buna metropolitenin özünün imkanları olmalıdır ki, qatar sayı artırılsın. Hər halda qatarların sayı artırılmalıdır və bizdə olan məlumata görə, Azərbaycana Rusiyada istehsal olunan vaqonlar gətirilir. Noyabrda yəqin ki, metropoliten qatarlarla tam təmin olunacaq”.
“Yeni metro stansiyaları tikmək sərnişin sıxlığını azalda bilər”
Ekspert Rauf Ağamirzəyev diqqətə çatdırıb ki, sərnişin sıxlığının qarşısını almaq yönündə qərarlar verilməlidir, yeni dəmiryol stansiyaları tikmək sərnişin sıxlığını azalda bilər, həmçinin metronun şaxələndirilməsinə ehtiyac var. O bildirib ki, “Koroğlu”-“Dərnəgül” arasında, həmçinin “Həzi Aslanov 2” və “Xətai” stansiyaları arasında xətlərin tikintisi, “28 May” stansiyasında xətlərin ayrılması bu sıxlığı azaldar: “Düşünürəm ki, İçərişəhərdən Badamdara qədər uzatma, bənövşəyi xəttin şəhər mərkəzi və “Ağ şəhər”ə qədər çatdırılması və Dərnəgül deposunun tikilməsi lazımdır. Üç xəttimiz varsa, onların üçü də boş olmalı, müstəqil fəaliyyət göstərməlidir. Ən minimum intervalla işləməlidir. Bugünkü vəziyyətimiz necədir? Bunlar tikilməməyə görə qırmızı xəttdə 2 dəqiqəlik, yaşıl xəttdə 4 dəqiqə, bənövşəyi xəttdə 7 dəqiqəlik interval var. Bu xətlərin əlaqəsi zəif olduğundan müstəqil fəaliyyəti təmin olunmadığından sərnişin axınları da bir-birinə qarışır”.
“Nəqliyyat əlçatanlığı biznes subyektlərin yerinin dəyişməsinə də stimul olacaq”
Ekspert eləcə də qeyd edib ki, yeni metro xətlərinin tikintisi Bakının Şərq hissəsindən, artıq üç istiqamət üzrə Qərb istiqamətində gedişi təmin edəcək: “Bununla da sərnişin axını bölünəcək. İndiki statistikaya baxsanız görərsiniz ki, müəyyən stansiyalar daha çox yüklənir, müəyyən stansiyalar yarıdolu vəziyyətdə fəaliyyət göstərir. Qeyd etdiyim xətlərin tikintisi ilə bu vəziyyət də normallaşacaq və həmin ərazilərin də inkişafına gətirib çıxaracaq. Nəqliyyat əlçatanlığı biznes subyektlərinin də yerinin dəyişməsinə stimul olacaq. Yəni indiki halda şəhərin mərkəzində nəqliyyat əlçatanlığı daha yaxşı olduğundan hamı mərkəzə qaçırsa, amma bu stansiyalar tikiləndən sonra və digərləri ilə inteqrasiya olunandan sonra şəhərin digər iatiqamətlərinə iş yerlərinin köçürülməsi, şəhər mərkəzinin yükünün azalmasına şərait yaradacaq”.
Mərhələli şəkildə investisiya
R.Ağamirzəyev ictimai nəqliyyatın çeşidli növlərinə mərhələli şəkildə investisiya qoyulmalı olduğunu bildirib: “Bu özünü doğruldan investisiyadır. İctimai nəqliyyata yatırılan bir dolların dörd dollar geri dönüşü var. Düşünürəm ki, ictimai nəqliyyatın çeşidli növlərinə mərhələli şəkildə investisiya yatırılmalıdır. Relsli nəqliyyat şəhərin onurğa sütunudur. 3-5 il ərzində planlar qoyulub bu məsələni həll etmək lazımdır. Şəhərin daxilinə fərdi nəqliyyatın gəlişi daha da azaldılmalı, amma ictimai nəqliyyatın, daha çox sərnişin daşıyan növləri inkişaf etdirilməli və əlçatanlığı təmin olunmalıdır”.
“Ancaq bu halda insanlar qısa məsafələri piyada gəzəcək”
Ekspert həmçinin deyib ki, Bakıda qısaməsafəli hərəkət üçün şərait yaradılır, zolaq ensizləşdirilməsi əməliyyatı aparılır, bu da torpağın daha səmərəli istifadəsi yönündə verilmiş qərardır: “Həmçinin artıq qalan sahədə ayrılmış avtobus, velosiped, piyada zolağı qurulur. İşlər bitəndən sonra keçən il illə bu ilin fərqini müqayisə etsək, eyni küçədə, prospektdə sizin yalnız avtomobillə getmək variantınız vardısa, indiki vəziyyətdə isə artıq alternativ formalaşır. Həm avtobusla getmək daha sürətlidir, həm velosipedlə, həmçinin skuterlə və ya piyada getmək imkanınız yaradılıb. Düşünürəm ki, şəhər daxilində piyada yolu ilə bağlı vəziyyət yaxşı deyil və bu maneələr aradan qaldırılmalıdır. Azmobilli insanlar ölkəmizin 37 faizini təşkil edir və onlar uşaqlar, uşaqlı valideynlər, qocalar, əlillərdir. Həmçinin əlillərə də uyğun şərait yaradılmalıdır. Həm ictimai nəqliyyatda, həm də digər yerlərdə. Bunlar hamısı “səfərimizi nə ilə təşkil edək?” sualının cavabıdır. Çünki əgər sizin bütün şəraitiniz, məsələn, asfaltınız şüşə kimi, amma digər tərəf baryerlidirsə, insanlar avtomobilə meyl edəcək. Ancaq bu halda insanlar qısa məsafələri piyada gəzəcək və ya velosipedlə hərəkət edəcək”.
R.Ağamirzəyev əlavə edib ki, bütün bunlar mərhələli baş verəcək və baş verənlərlə yanaşı, paralel olaraq ciddi maarifləndirmə aparılmalıdır ki, insanlar bütün bunları anlayışla qarşılasınlar.
“Bakı metropoliteninin texniki imkanları dəyişməlidir”
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda sıxlığın səbəbini sərnişinlərin sayının artması ilə bağlı olduğunu qeyd edərək son 10 illik bir dövrdə Bakı metropolitenində bunun müntəzəm, hər tədris mövsümündə yaşanan bir hal olduğunu bildirib: “Pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinə qoyulmuş məhdudiyyətlərə görə, sıxlıq təxminən 2020, 2021, 2022-ci illər ərzində çox da özünü biruzə vermirdi, lakin 2023-cü ildən başlayaraq yenidən sərnişin sayının artması müşahidə olunur və bu, əvvəlcədən elə belə də proqnozlaşdırılırdı. Bu il yeni tədris mövsümü ərəfəsində də bütün açıqlamalarımızda hətta 2023-cü ilin eyni dövrünə nəzərən sərnişin sayında artımların olacağını qeyd edirdik. Ümumiyyətlə, sərnişindaşıma prosesinin təşkilində metropoliten üçün bir xüsusi məqam var. Bakı metropoliteni inşa olunarkən müəyyən ölçülər və sərnişindaşıma qabiliyyəti üçün nəzərdə tutulmuşdu. Bugünkü reallıqlar Sovet dövründə, yəni yarım əsr bundan əvvəl metronun inşasına başlayarkən nəzərdə tutulmamışdı. Yəni bugünkü reallıqlar da bunu göstərir ki, şəhər əhalisinin sayı artdığına görə Bakı metropoliteninin texniki imkanları dəyişməlidir”.
“Metropolitendə intervalın aşağı salınması qeyri-mümkündür”
B.Məmmədov metropolitendə sıxlığın tənzimlənməsi məqsədi ilə yeni tədris mövüsümünün əvvəlindən elan olunmuş hərəkət qrafikinin bu gün Bakı metropoliteninin real texniki imkanları çərçivəsində ən optimal tətbiq olunmuş hərəkətin təşkili nizamlanması qaydası olduğunu diqqətə çatdırıb: “Texniki cəhətdən Bakı metropolitenində intervalın daha aşağı salınması qeyri-mümkündür. Bu heç də qatarların sayı ilə bağlı deyil. Yəni Bakı metropoliteni stansiya və tunellərinin, eyni zamanda, qatarların hərəkətinin təşkili ilə bağlı sistemlərin fəaliyyəti məhz bu məhdudiyyətləri yaradır. Bu səbəbdən “28 May” və “Həzi Aslanov” istiqamətində səhər və axşam gur saatlarda 2 dəqiqəlik interval minimal olaraq tətbiq oluna bilir. Məhz qeyd etdiyim ilk böyük problem ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər 28 May stansiyasında birləşərək “Həzi Aslanov”a qədər birxətli hərəkət təşkil olunduğundan artıq “Dərnəgül” və “İçərişəhər” istiqamətində minimal intervalları, ümumiyyətlə, hər iki xətt boyunca dünya təcrübəsində olan ən minimal intervalları tətbiq etmək mümkün olmur”.
O, diqqətə çatdırıb ki, bu səbəbdən Bakı metropoliteninin hər bir stansiyasının buraxıcılıq qabiliyyəti, hər bir qatarının sərnişin tutumu imkanları nəzərə alınmaqla müvafiq tədbirlər görülür: “Yəni səhər və axşam gur saatlarda metropolitendə qeyd etdiyim texniki imkanların son həddində hər bir şey tətbiq olunduğundan ehtiyat qatarlardan istifadə edilməsi qeyri-mümkündür. Bu səbəbdən də yalnız qatarların manevrlərindən istifadə olunur. Günorta saatlarında isə axşam və səhər saatlarına təxminən bərabər sərnişinin gur axını birinci tədris prosesində, birinci dərs növbəsinin başa çatdığı vaxtda, təxminən 1 saat ərzində hiss olunur”.
Sıxlığın tənzimlənməsi
O, həmçinin metropolitendə ehtiyat qatarlardan istifadə edildiyini və monitorqinlər hər gün saatbasaat, dəqiqəbədəqiqə aparılmaqla buna müvafiq qaydada, hər bir ehtiyat qatarın xəttə verilməsinin təmin olunduğunu deyib. B.Məmmədov əlavə edib ki, bu səbəbdən günorta saatlarında xüsusi olaraq ajiotaj hiss olunmur: “Digər hallar üçün Bakı metropoliteni insan resurslarından geniş istifadə edir. Yəni stansiyalarda sıxlığın tənzimlənməsi məqsədi ilə xüsusi ayrılmış işçi qrupu növbətçilik cədvəli əsasında qatarların qapılarının tutulub saxlanmaması, sərnişinlərin daha intensiv qatara minib düşməsi və platforma boyunca bərabər paylanması, bir sözlə, bütün bu və digər məsələlərin hər birini operativ tənzimləməyə çalışırlar. Platforma səviyyəsinin həddindən artıq yüklənməməsi Bakı metropoliteni üçün sərnişin təhlükəsizliyi baxımdan bir nömrəli vəzifə olduğundan tənzimləmələr artıq hər bir kəsin müşahidə edə biləcəyi kimi xüsusi stansiyalarda artıq giriş sahələrindən başlanır və bu səbəbdən də bəzi stansiyaların girişlərində sərnişin sıxlığı müşahidə etmək olur”.
B.Məmmədov metroda sərnişin sıxlığı probleminin həll yolu kimi yaşıl, qırmızı xətlərin “28 May”da birləşməsi probleminin aradan qaldırılması, bunun üçün də bir neçə stansiyanın inşa olunması məsələsinin olduğunu diqqətə çatdırıb: “Məsələnin qlobal həlli yolu, yaşıl, qırmızı xətlərin “28 May”da birləşməsi probleminin aradan qaldırılması, bunun üçün də bir neçə stansiyanın inşa olunmasıdır. Bu məsələ də Bakı metropoliteni Xətlərinin Konseptual İnkişaf sxemində hələ 2011-ci ildən var. Eyni zamanda 2023-cü il dekabrın 30-da təsdiq olunmuş Bakı şəhərinin Baş planında da ictimai nəqliyyatda prioritet vəzifələr sırasında metropolitenə aid bölmənin qarşısında dayanan vəzifə məhz bu xətlərin ayrılması layihəsidir”.
Röya İsrafilova