Saymon Stil: COP29 bizə Paris Sazişinin 6-cı maddəsini həyata keçirmək imkanı yaradır Hadisə

Saymon Stil: COP29 bizə Paris Sazişinin 6-cı maddəsini həyata keçirmək imkanı yaradır

COP29 bizə Paris Sazişinin 6-cı maddəsini həyata keçirmək imkanı yaradır.

Bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.

O bildirib ki, hər bir ölkə iqlim dəyişikliyi üçün resurslara sahib olarsa, bu zaman nəticəyə nail olmaq mümkündür:

“Biz COP29-da hər bir hökumətin üzərinə düşən öhdəlikləri artırmalıyıq. Gələn ilin sonuna kimi milli adaptasiya planları hazır olacaq. İqlim dəyişikliyi ilə bağlı olan öhdəliklər çox vacibdir. Hamımızın temperaturun 1.5 dərəcəsində saxlanması üçün öhdəliklərimiz var. Çalışmalıyıq ki, milli öhdəliklərin hamısı 1.5 dərəcədə saxlanılsın. Bütün tərəfləri köməyə və əlaqə saxlamağa çağırıram. COP-ların nəticələri paketlər formasında olur və hər bir məsələ orada qeyd olunur. Bu COP-da da bizim əlavə paketimiz var. Çalışırıq ki, iqlim dəyişiklikləri ilə bağll öhdəliklər reallığa çevrilsin. Biz gedişata kömək etməyə hazırıq”.

BMT-nin köməkçi icra orqanının (SBI) sədri Nabil Munir isə COP29 Prezidentliyinə hazırlıq işləri üçün təşəkkürünü bildirib.

O bildirib ki, iki gün ərzində Pre-COP çərçivəsində narahatlıqları yenidən araşdırmaq imkanı var: “COP29-da sizdən daha ciddi addımlar atmağı xahiş edirəm. Biz bilirik ki, artıq elm nə deyir. Tarixdə ən isti ilin şahidi olduq, buzlaqlar əriyir. Mən burada danışanda da buzlaqlar əriyir. Biz elmi artıq nəticəyə çevirməli, cəsarətli siyasi xətt qəbul etməli və körpülər qurmalıyıq. Təklif edirəm bunu edək”.