Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - VİDEO Hadisə

Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - VİDEO

Tacikistan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi general-mayor Hafiz Cabor Əzizzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə hərbi institutun tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun da iştirak etdiyi görüşdə hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan tacik kursantlarla görüşərək onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıb. Tacikistanlı qonaqlar institutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar.
Nümayəndə heyəti daha sonra təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası ilə tanış olub, kursantların tədris prosesinin gedişatı ilə maraqlanıb.
Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.