Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş təlimin açılışı olub Hadisə

Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş təlimin açılışı olub

Oktyabrın 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təlimin keçirilməsində məqsədin mövcud qanunvericiliyin imkanlarından daha geniş istifadə etməklə məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və qorunması istiqamətində bilik və bacarıqların artırılması olduğunu deyib.

O, məişət zorakılığının ailələrin, ümumilikdə cəmiyyətin həyat fəaliyyətinin əsaslarını pozan ciddi sosial problem olduğunu bildirib. Qeyd edib ki, digər zorakılıq əməllərindən fərqli olaraq bu halların fəsadları daha ağır və uzunmüddətlidir. Bu gün məişət zorakılığının qarşısının alınması dövlət və ictimai maraq dairəsinə daxil olan mühüm məsələlərdən biridir. Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası daim təkmilləşdirilir.

“Ümumilikdə məişət zorakılığı üzrə altı qanuna və beş fərmana dəyişikliklər edildiyini qeyd edən komitə sədri məişət zorakılığına dair subyektlərin əhatə dairəsinin genişləndirilməsini, həmçinin qısamüddətli mühafizə orderlərinin verilməsi ilə bağlı qaydaların da dəyişdirildiyini xüsusi vurğulayıb. Eyni zamanda, məişət zorakılığından əziyyət çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilir”, - deyə Komitə sədri bildirib.

Əlavə olaraq yeni qurumlararası əlaqələndirmə mexanizminin yaradılmasına diqqət çəkən B.Muradova sadalanan bütün dəyişikliklərin məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəyinə inamını bildirib.

Bu kimi işlərdə hakimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və vəkillərin hazırlığının önəmini vurğulayan Komitə sədri əlavə edib ki, onlar bu cür işlərə baxılarkən genderə həssas yanaşma göstərməli, mənfi stereotiplərdən uzaq olmalıdırlar.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, ailədaxili zorakılıq halları təkcə bir ailəni deyil, bütövlükdə bütün cəmiyyəti təhlükə altında qoyur, bu problemin həlli isə geniş və məqsədyönlü tədbirlərin görülməsini, həmçinin kompleks yanaşmanı tələb edir.

O, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklikləri nəzərə çatdıraraq əlavə edib ki, dövlət hesabına hüququ yardım göstərilən şəxslərin dairəsində məişət zorakılığından zərər çəkmiş şəxslər xüsusilə fərqləndirilib. Həmçinin müvafiq dəyişikliklərə əsasən həmin şəxslərə dövlət hesabına hüquqi yardım göstərən vəkilin öz vəzifələrini yerinə yetirməkdən imtina etməsi qanunla qadağan olunub.

Qanunvericiliyə edilən müvafiq dəyişikliklərin bir çox boşluqların aradan qaldırılmasında təsiri olsa da, hələdə bu sahədə problemlərin qaldığına diqqət çəkən A.Bağırov qeyd edib ki, səmərəli mübarizə üçün yanlız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil və müxtəlif qurumlar arasında koordinasiyanın böyük əhəmiyyəti var.

Müvafiq sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlığa diqqət çəkən Anar Bağırov birgə fəaliyyət çərçivəsində məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumunun imzalandığını da qeyd edib.

Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev mövzunun qlobal əhəmiyyətinə diqqət çəkib. O, məişət zorakılığından zərərçəkən şəxslərin daim dövlət tərəfindən qorunmasına ehtiyac olduğunu bildirib. Həmçinin 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi, onun ardınca qəbul olunan milli fəaliyyət planları, Nazirlər Kabinetinin qərarları, digər normativ xarakterli aktlar və əməli tədbirlər ilə dövlətin bu sahədə siyasi iradəsini ortaya qoyduğunu söyləyib. Əlavə edib ki, bu gün dövlət hesabına vəkil xidmətinin göstərilməsi kimi bir institut da formalaşıb və hazırda qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi davam etməkdədir.

O, çıxışının sonunda bir sıra məqamları, eləcə də icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin önəmini vurğulayıb.

Təlim Gender və İnkişaf üzrə Dünya Bankının eksperti, Vəkillər Kollegiyasının üzvü Xalisə Şahverdinin məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər mövzulara dair təqdimatı və qrup işləri ilə davam edib.