Aİ səfiri: Təmiz enerjiyə keçiddə dünyanın tərəqqisini sürətləndirməliyik Hadisə

Aİ səfiri: Təmiz enerjiyə keçiddə dünyanın tərəqqisini sürətləndirməliyik

“2023-cü ilin mart ayında biz Paris Sazişində müəyyən edilmiş iqlim hədəfinə çatmaq vizyonu ilə yola başladıq”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, bu vizyon 2030-cu ilə qədər enerji səmərəliliyini iki dəfə artırmaq kimi konkret qlobal məqsədə daxil edilib: “COP28-də dünya bu iddialı hədəflərin arxasında birləşdi. COP28 ruhunu canlı saxlamaq və BƏƏ-dəki konsensusa nail olmaq üçün biz təmiz enerji keçidində dünyanın tərəqqisini sürətləndirməliyik. Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişli şərait yaratmalıyıq. Bu, bərpa olunan enerji layihələri üçün icazə prosedurların sürətləndirilməsi və şəbəkələrimizdə bərpa olunan enerjinin daha çox mənimsənilməsi üçün şərait yaradılması deməkdir. Təmiz enerjiyə keçid, xüsusən də əlverişli kapitalın az olduğu regionlarda böyük investisiyalar tələb edəcək. Dövlət maliyyəsi mühüm rol oynayacaq, lakin biz özəl kapitalı da səfərbər etməliyik”.