Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Bir aydan sonra ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 keçiriləcək. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək, Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş etdirəcək. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq COP29, həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Azərbaycan hazırda neft-qaz ölkəsi kimi tanınsa da, xarici dövlətlərin başçılarının, şirkət rəhbərlərinin iştirak edəcəyi tədbir əyani şəkildə göstərəcək ki, ölkəmizdə yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli də hazırda bizim üçün prioritet məsələlərdən biridir.
Bu mövzu barədə fikirlərini AZƏRTAC-la bölüşən Milli Məclisin deputatı Azər Badamov COP29-un dünya əhəmiyyətli tədbir olduğunu deyib. Bildirib ki, bu tədbirə ev sahibliyi etmək üçün dünya birliyinin razılığı lazım olur. Hər bir ölkə belə tədbirlərin keçirilməsi üçün dünyanın dəstəyini qazana bilmir. Həm də böyük qlobal tədbirləri keçirmək üçün ölkənin ictimai-siyasi sabitliyi, iqtisadi gücü, beynəlxalq münasibətlər sistemində yeri və rolu nəzərə alınır. Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. “Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər Qoşulmama Hərəkatına (QH) yeniliklər və canlanma gətirib. Məsələn, Azərbaycanın 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın həyatında yeni bir səhifə açdı. Belə ki, ölkəmizin fəal iştirakı QH-nın dünyada baş verən proseslərlə bağlı qlobal əhəmiyyətli qərarlar qəbul edə biləcəyini sübut etdi. Bundan əlavə, Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkələri yaradıldı. Ölkəmizin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi də dəstəklənib. Beləliklə, Hərəkat daha geniş şəkildə fəaliyyət həyata keçirdi. Məhz Azərbaycanın verdiyi töhfələrə görə Qoşulmama Hərəkatına sədrliyimiz bir il daha uzadıldı. Beləliklə, ölkəmiz beynəlxalq təşkilatlara sədrlik etməklə dünya birliyi arasında körpülər yaradır və qlobal əhəmiyyətli məsələlərin həllində beynəlxalq ictimaiyyətin baxışlarından asılı olmayaraq ümumi bir mərkəz formalaşdırır”, - deyə A.Badamov vurğulayıb.
Qeyd edib ki, Azərbaycan COP29-un gündəliyini müəyyən edib və müzakirə olunan mövzuların arasında iqlim maliyyəsi ilə bağlı konsensusun əldə olunması təşəbbüsümüzlə dəstəklənib. O cümlədən COP29-a ev sahibliyi edəcək ölkə kimi təşəbbüsümüzlə “üçlük” - COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələrin birgə fəaliyyətini nəzərdə tutan format yaradıldı.
COP29-un BMT səviyyəsində keçirilən çox əhəmiyyətli qlobal tədbir kimi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni səhifə açacağını deyən deputat əlavə edib: “Sual olunur ki, COP29 ölkəmizə nə qazandıracaq? Təbii ki, bu tədbirin ölkəmizdə keçirilməsinin birbaşa, uzunmüddətli və çoxşaxəli əhəmiyyəti olacaq. Çünki bu tədbirin ölkəmizə verəcəyi müsbət nəticələrinin siyasi, iqtisadi, sosial əhəmiyyəti olduğunu da qeyd edə bilərik. İlk növbədə, COP29-un açılış mərasiminə 50-dən çox dövlət və hökumət başçısı təşrif buyuracaq. Onların arasında ilk dəfə ölkəmizə gələcək dövlət başçıları da olacaq. Beləliklə, dünya liderləri Azərbaycanı daha yaxından tanımaq imkanına malik olacaqlar. Beləliklə, Azərbaycana gələcək qonaqlar uzun müddət ərzində Ermənistanın torpaqlarımızı işğal altında saxlayaraq beynəlxalq hüququ pozduğunu, öz gücümüzlə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyimizi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, sülh təşəbbüskarı olduğumuzu və Qərbin ölkəmizə qarşı sərgilədiyi münasibətin ikiüzlülük və riyakarlıq olduğunu öz gözləri ilə görəcəklər. Bu da Azərbaycanın dünyada dostlarının sayının artmasında və beynəlxalq mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. COP29 Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut edəcək və sözümüzün gücünü artıracaq”.
COP29–un ölkəmizdə keçirilməsinin iqtisadi, sosial və turistik əhəmiyyətinin böyük olduğunu vurğulayan A.Badamov əlavə edib: “COP29-la bağlı 80 mindən çox xarici qonağın ölkəmizə gəlişi proqnozlaşdırılır. 12 gündə on minlərlə xarici insan Azərbaycana gəlməklə ölkəmizin turizm sektoruna yeni bir canlanma gətirəcək. Belə ki, qonaqlar Azərbaycanın tarixi-mədəni yerləri, mətbəximizin zənginliyi ilə tanış olacaq və yenidən ölkəmizdə istirahət etməklə bağlı planlar quracaqlar. Turistlərin gəlməsi otelçiliyin, aqrar sektorun, qalanteriya sənayesinin inkişafına yeni bir impuls verəcək. Çünki ölkəmizə gələcək on minlərlə insan yüz milyonlarla dollar pul xərcləyəcəklər və bu da kənd təsərrüfatı məhsullarını becərən insanlardan başlamış iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan sahibkarların gəlirlərini artıracaq. Bu, həm də qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin də artmasına töhfə verəcək. Beləliklə, COP29-un keçirilməsinin ölkəmizdə ayrı-ayrı sektorların inkişafına böyük təsiri olacağını hesab edirəm”.
Bu il qlobal iqlim fəaliyyəti gündəliyini müzakirə etmək üçün bütün dünyanın COP29–da bir araya gələcəyini deyən Milli Məclisin deputatı Nigar Məmmədova AZƏRTAC-a bildirib: “Dünyanın 80 faizinin iqlim dəyişikliyindən əziyyət çəkdiyi bir vaxtda Bakıda keçiriləcək bu vacib platformada problemin həlli yolları müzakirə olunacaq. COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq. Məlumdur ki, COP29-un əsas müzakirə mövzusu iqlim maliyyəsidir və Bakıda yeni kəmiyyət hədəfinin formalaşdırılması nəzərdə tutulur. Azərbaycanın məqsədi yalnız milli deyil, qlobal səviyyədə də yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Ölkəmiz COP29-un ev sahibi kimi 14 əsas təşəbbüs irəli sürüb. Yeri gəlmişkən, inklüzivlik də COP29 sədrliyinin mühüm prinsiplərindən biridir. Ev sahibi olaraq COP29-da inklüzivliyi prioritetləşdirmək, həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etmək əsas hədəflərdən biridir. Azərbaycan sədr kimi proses boyu inklüzivliyə tam sadiqlik nümayiş etdirir”.
Nigar Məmmədova əlavə edib ki, COP29-un gündəliyi proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənib. Təsadüfi deyil ki, sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilmiş “Gələcəyin Sammiti”nin iştirakçıları olan 22 ölkədən 44 QHT nümayəndəsi iqlim ədaləti fəalları kimi müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 Sədrliyinə dəstək nümayiş etdiriblər.
“İqlim dəyişmələri hər kəsə təsir edir. Amma hesab edirəm ki, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Ona görə də bu kateqoriyanın səsi daha ucadan eşidilməli, onlar nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Eyni zamanda, COP29-da təbii sərvətləri talan olunan xalqların neokolonializmdən əziyyət çəkdikləri dünyanın diqqətinə çatdırılmalıdır. Kiçik ada dövlətlərinin COP29-da iştirakı həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində bu prosesi konsensusa aparmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqlim dəyişikliyi ilə mübarizəni müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf üçün əvəzolunmaz fürsət kimi görmək indi daha vacibdir”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bu gün dünya COP29-a bütün insanların hüquqlarına hörmət edən, gələcək nəsillər üçün planetimizi qoruyan davamlı gələcəyə töhfə verən platforma kimi yanaşır. COP29-un əsas mesajlarından biri də budur ki, bütün siyasi fərqliliklər bir kənara qoymalıdır. COP29 Sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına da start verib. Bütün tərəflər siyasi çətinliklərə rəğmən birlikdə olmağa, COP29-un keçirildiyi bir ay ərzində atəşkəsə əməl etməyə çağırılıb. Çünki münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi iqlim dəyişməsini daha da gücləndirir və planeti qorumaq üçün göstərilən səyləri zəiflədir. COP həm də bəşər həmrəyliyinin simvoluna çevriləcək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşəcək. Biz yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik. Azərbaycan sərbəst, azad təşəbbüslər ölkəsidir. COP29 iqlim məsələlərinin müzakirə olunduğu ən effektiv platformadır və bu tədbirin siyasiləşdirilməsi yolverilməzdir. Azərbaycan Prezidenti prinsipial, qətiyyətli və ədalətli liderdir. Demək ki, COP29-da Azərbaycanın yanında olmayan ölkə və siyasi liderlər, sülhün, həmrəyliyin, ədalətin, planetin xilasının yanında deyillər.
Mövzu ilə əlaqədar fikirlərini AZƏRTAC-la bölüşən Milli Məclisin deputatı Günay Ağamalı da hesab edir ki, COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edən hadisədir: “Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində davamlı ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olan Azərbaycan qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını dəfələrlə nümayiş etdirib. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük təsisat hesab olunan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etdiyi kimi COP29-un da öhdəsindən layiqincə gələcək. Ölkəmizin növbəti sədrliklərə uğurlu ənənə qoyacağı heç kimdə şübhə doğurmur”.
Günay Ağamalının fikrincə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə siyasət, iqtisadiyyat, investisiya, turizm və regional liderlik də daxil olmaqla bir çox aspektdə töhfələr verəcək. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə keçirilən tədbir beynəlxalq investisiyaları cəlb etmək və ekoloji layihələrdə əməkdaşlıq imkanlarını genişləndirmək fürsəti yaradır. Artıq Azərbaycanın bərpaolunan enerji ilə bağlı siyasəti öz bəhrəsini verməkdədir. Bununla yanaşı, konfrans zamanı keçiriləcək tədbirlər və müzakirələr dövlətin iqlim siyasətinin daha mütəşəkkil formalaşdırılmasında və inkişaf etməkdə olan ölkələrin ekoloji şüurunun artmasında müstəsna rol oynayacaq. Bu üstünlüklər Azərbaycanın COP29-a ev sahibliyi etməsinin gətirəcəyi potensial faydaların bir hissəsidir.