Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib Hadisə

Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 4 nömrəli UGİM-in direktoru Gülarə Quluzadə mərkəzin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, mərkəzdə uşaq və gənclərin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb.

BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin uşaq və gənclərin yaradıcılıq imkanlarına və onların hərtərəfli inkişafına əhəmiyyətli təsir edəcəyini vurğulayıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizdə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün şagirdlərin məktəbdənkənar fəaliyyətlə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Bildiriblər ki, məktəbdənkənar təhsilin istiqamətləri üzrə keyfiyyətin yüksəldilməsi, qazanılan nailiyyətlər ölkəmizdə təhsil sahəsinə, o cümlədən məktəbdənkənar təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Tədbir dərnək üzvlərinin ədəbi-bədii kompozisiyaları ilə davam edib.

Daha sonra qonaqlar 4 nömrəli UGİM-in binası ilə tanış olublar.

Qeyd edək ki, 4 nömrəli UGİM-də fəaliyyət göstərən 16 dərnəkdə 2340 uşaq məşğul olur. 1950-ci ildən fəaliyyət göstərən mərkəz respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edib. Müəssisənin yetirmələri müsabiqə, sərgi və festivallarda diplom, fəxri fərman və sertifikatlara layiq görülüblər.