Elza Səmədova: Milan Konqresində tələbələrimizin iştirakı Azərbaycanın ali təhsil sisteminin uğurudur Hadisə

Elza Səmədova: Milan Konqresində tələbələrimizin iştirakı Azərbaycanın ali təhsil sisteminin uğurudur

Azərbaycanlı tələbələrin İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirakı ölkəmizin ali təhsil sisteminin uğurudur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri, “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova deyib.“Çox şadıq ki, dünyanın 100-dən artıq ölkəsindən ümumilikdə 11 min nümayəndənin iştirak etdiyi Milan Astronavtika Konqresində Azərbaycanı 52-dən çox tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edir. Bizim uğurumuz ondan ibarətdir ki, burada iştirak edən azərbaycanlı tələbələrin əsas hissəsi bakalavr səviyyəsində təhsil alanlardır. Onlar konqres çərçivəsində müxtəlif stendlərdə fərqli mövzularda çıxışlar edir, təqdimatlar keçirirlər. Tələbələrin çıxışları konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Bu, Azərbaycan ali təhsil sisteminin uğurudur”.

Elza Səmədova Milan Konqresində iştirakda göstərdiyi dəstəyə görə “Azərkosmos”a təşəkkür edərək bildirib ki, tələbələrin 30-a yaxını “SABAH” qruplarının bakalavr pilləsi səviyyəsinin tələbələridir: “Azərbaycanlı tələbələrin gələcəkdə bu kimi beynəlxalq tədbirlərdə və kosmik məkanda daha böyük uğurlar qazanacağına ümidvarıq. Sevinirik ki, belə bacarıqlı və savadlı gənclərimiz var”.

Qeyd edək ki, 75-ci Beynəlxalq Astronavtika Konqresində Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası, Sumqayıt Dövlət Universitetinin tələbə, gənc mütəxəssis və alimləri iştirak edirlər.