Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət qaydası müəyyənləşir Hadisə

Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət qaydası müəyyənləşir

Minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.

Bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edəcək. İcraçı 15 (on beş) gün müddətində pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir. Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya qanuna uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılacaq. Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdiriləcək.