Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə aparılacaq Hadisə

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə aparılacaq

Minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), habelə fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçiriləcək.

Bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) aşağıdakılara malik olmalıdırlar:

- həyata keçiriləcək minatəmizləmə fəaliyyəti üzrə hazırlanmış daxili əməliyyat prosedurlarına;

- müvafiq ixtisaslı minatəmizləyənlərə, habelə onların hüquq və vəzifələrini əks etdirən təlimatlara;

- minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı əməyin mühafizəsinin, o cümlədən təhlükəsizliyin təmin edilməsi imkanına;

- heyvanların köməyi ilə partlayıcı sursatların aşkarlanması nəzərdə tutulduğu halda bu fəaliyyətin həyata keçirilməsi imkanına;

- minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün vasitə, alət və avadanlıqlara;

- minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təhlükəli ərazinin yaxınlığında ixtisaslı tibb işçilərindən və zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın göstərilməsi imkanına.

Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) müəyyən edilmiş tələblərə uyğun olmalarının qiymətləndirilməsi üçün, həmin tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə edilməklə, səlahiyyətli quruma müraciət etməlidirlər. Müraciətə daxil olduğu gündən 30 (otuz) gün müddətində baxılacaq. Dövlət orqanının (qurumunun) müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edildikdə, müraciətin daxil olduğu tarixdən ən geci 10 (on) gün müddətində müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndəriləcək. Məlumatda sənədlərdəki uyğunsuzluqlar dəqiq göstərilməlidir. Həmin uyğunsuzluqlar məlumat alındığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırılmalıdır. Bu zaman nəzərdə tutulmuş müddətin axımı dayandırılır və uyğunsuzluqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunacaq.

Minatəmizləmə fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslərə münasibətdə nəzərdə tutulmuş tələblərlə yanaşı, həmçinin onların idarəetmə, təşkilati və maliyyə-iqtisadi resurslara malik olmalarının müəyyən edilməsi məqsədilə ilə əlaqədar aşağıdakıların mövcudluğu qiymətləndirilir:

- hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına, habelə fiziki şəxslərin vergi uçotuna alınması;

- fiziki və ya hüquqi şəxsin müqavilə üzrə öhdəliklərinin icrası üçün maliyyə imkanlarına malik olması;

- minatəmizləmə fəaliyyəti ilə əlaqədar əvvəl bağlanılmış müqavilə (müqavilələr) üzrə öhdəliklərinin icra vəziyyəti;

- tələblərə uyğun idarəetmə sistemlərinin (o cümlədən, risklərin, əməliyyatların, məlumatların, təhlükəsizliyin və keyfiyyətin idarəetmə sistemlərinin) tətbiqi və bunu təmin edəcək təşkilati strukturun formalaşdırılması;

- minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən minatəmizləyənlərin sığortalanmasını təmin etmək imkanı.

Fiziki və ya hüquqi şəxslərin bu qanunda müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi səlahiyyətli qurum tərəfindən müraciət daxili olduğu gündən 60 (altmış) gün müddətində həyata keçirilir. Müraciətə bu qanunda nəzərdə tutulan tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Müraciətə əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə məlumat müraciətin daxil olduğu tarixdən ən geci 5 (beş) iş günü müddətində müraciət edənə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərilməlidir. Məlumatda sənədlərdəki çatışmazlıqlar dəqiq göstərilməlidir. Həmin çatışmazlıqlar məlumat alındığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırılmalıdır. Bu zaman nəzərdə tutulmuş müddətin axımı dayandırılır və çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra bərpa olunacaq.

Müəyyən edilmiş tələblərə uyğun olduqları müəyyən edildiyi halda müvafiq olaraq nəzərdə tutulmuş müddətlərdə müraciət edənin minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, əks halda isə səbəbləri göstərilməklə imtina barədə qərar qəbul ediləcək və müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndəriləcək