İrəvan quberniyasının türk-müsəlman əhalisinin soyqırımı Hadisə

İrəvan quberniyasının türk-müsəlman əhalisinin soyqırımı

(Cənubi Qafqaz Seyminin sənədləri üzərində təhlil)

(Əvvəli ötən sayımızda)

Seymin 7 mart tarixli 15-ci iclasında birinci olaraq Aqrar islahatla bağlı hazırlamış qanun layihəsi müzakirə olunması, sonra isə İrəvanda və başqa yerlərdə baş vermiş milli münaqişə məsələlərini müzakirəyə çıxarılması qərara alınmışdır. Qanun layihəsi qəbul olunduqdan sonra Ş.b.Rüstəmbəyov və Mahmudov milli münaqişələrlə əlaqədar gündəlikdə olan məsələnin müzakirəsini təklif etsələr də qəbul olunmamışdır. Əvəzində, Müsəlman sosialist blokundan A.b.Səfikürdski, menşeviklər fraksiyasının nümayəndəsi Xomeriki, Daşnaksütyun fraksiyasından Q.İ.Xatisov İrəvan quberniyasında baş vermiş milli münaqişə ilə bağlı müzakirələrin Seymin axşam iclasında müzakirə olunmasını təklif etmişdilər (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года., с. 48). Nəticədə, həmin təklif qəbul olunmuş və müzakirə mart ayının 7-də, axşam saat 8.50-də başlamışdır. Seymin axşam iclasında İrəvan quberniyasında baş verən hadisələrlə bağlı, Seymin 19 fevral tarixli iclasında yaradılmış fövqəladə təhqiqat komissiyasının üzvü Georgadze (o, həm də həmin komissiyanın sədri idi), fevralın 17-21-i arasında İrəvan şəhərində və İrəvan quberniyasında baş vermiş acınacaqlı və kədərli faciə ilə bağlı geniş məlumat vermişdir. O, çıxışının əvvəlində guya “silahlı azərbaycanlılar cəbhəyə getmək istəyən gürcü və erməni hərbiçilərini tərksilah edir və cəbhəyə getmələrinin qarşısını alırmış” fikrini bildirmişdi. Georgadze qarşıdurmanın əsas səbəbkarını azərbaycanlı əhali arasında axtarmağa çalışmışdı. Lakin o, hesabatında real faktlardan yayına bilməmiş və müsəlmanların da kütləvi qırğınlara məruz qaldıqlarını və onların yaşadıqları kəndlərin bolşaldığını etiraf etmişdir. Daha sonra 17-21-i fevralda Qəmərli kəndində baş vermiş qırğınlar haqqında məlumat verən Georgadze, Qəmərli kəndinin əhalisinin müsəlman və ermənilərdən ibarət olduğunu və müsəlmanların yaşadığı hissənin yox olduğunu, məhv edildiyini, ermənilərin yaşadığı hissədə isə hər şey öz yerində olduğunu və heç kim zərər görmədiyini qeyd etmişdir. O, Uluxanlı, Dəvəli və başqa kəndlərin də taleyinin acınacaqlı olduğunu Seym üzvlərinə çatdırmışdı. Georgadze müsəlmanların daha çox qətlə yetirilməsinin səbəbini ermənilərin köməyinə İrəvandan pulemyot və artilleriya ilə silahlanmış nizamlı erməni hərbi hissələrinin gəlməsini əsas kimi göstərmişdi. Onun və nümayəndə heyətinin digər üzvlərinin fikrincə, günahsız uşaqların, qadınların və qocaların məhv edilməsində nizami ordunun iştirakı yolverilməzdir və günahkarlar müvafiq cəzalarını almalıdırlar (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 5).

Həsən bəy Ağayev də fevralın 17-dən 21-dək İrəvan quberniyasında və İrəvan şəhərində baş vermiş dəhşətli hadisələr haqqında geniş məlumat vermişdir. O, 3 min nəfərin yaşadığı 1200 evin yer üzündən silindiyini və yerlə bir edildiyini, o cümlədən Uluxanlıda 1200 evin 6 saat ərzində, bir-birindən müəyyən məsafədə yerləşməsinə baxmayaraq və gildən tikilmiş bu qədər evin yandırılması üçün çox intensiv və təcili iş tələb olunuduğunu qeyd etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. – Тифлис: 7 марта 1918 года, с. 12). Görünür, ermənilər bu cinayəti həyata keçirmək üçün qabaqcadan hazırlıq işləri görmüşdülər.

H.b.Ağayev erməni hərbi hissələrinin müsəlmanların yaşadıqları kəndlərə hərəkət etmələrinə göstəriş verən şəxslərdən Dronun və İrəvan quberniyasının ordu komandanı, polkovnik Pirumovun adını çəkmişdir. Daha sonra o, “Respublika” qəzetinin 189-cu sayında Andranikin çap olunmuş teleqramından bəhs etmişdir. Həmin teleqramda göstərilirdi ki, Andranik ingilis nümayəndəsinə və amerika konsulluğuna müraciət edərək onu hərbi dəstənin rəisliyindən azad edilməsi üçün xahiş etmişdir. H.b.Ağayev, Andranikin bu hərəkətinin iri ordu hissəsinin komandanının Zaqafqaziya Hökumətini saymadığı nəticəsinə gəlindiyini qeyd etmişdir. O, polkovnik Pirumov, komissar Dro (Drastamat Kanayan) və başqalarının “guya müsəlmanlar komunikasiya xətlərinin qarşısını kəsirlər” kimi formal izahlarının doğru olmadığını Seymdə təmsil olunan fraksiya nümayəndələrinin diqqətinə çatdırmışdır.

O, Zaqafqaziya Seyminin üzvü Arzumanovun Qars bölgəsinə hərbi komissar təyin edilməsinin də əleyhinə getmişdir. Seym üzvünün hər hansı bir inzibati vəzifəyə təyin olunmasının düzgün olmadığını əsas kimi göstərən. H.b.Ağayev, 1918-ci il yanvarın 9-10-da Daşnaksütyun partiyasının və Seymin üzvü Arzumanovun Şaumyana “Əziz Stepan” sözləri ilə başlayan məktub yazdığını bildirmişdi. Məktubda birbaşa qeyd olunurdu ki, Yelizavetpolda silahlı tatarlar aqrar hərəkatına başlamışdılar, amma sizin hamınız bilirsiniz ki, o, hansı formada olmuşdur. Daha sonra H.b.Ağayev, Arzumanovun Şaumyana yazmış olduğu məktubu Seym üzvlərinin diqqətinə çatdırmışdı: “Mən əminəm ki, sən bu hərəkatın inkişafına hərtərəfli kömək edəcəksən. Bu barədə Hayk Məlikonyans da bilir. Hayk Məlikonyans da Seymin üzvü və Yelizavetpol şəhərindəndir. Məktub “Sənin Mişa Arzumanov” sözləri ilə başa çatır” (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 14).

H.b.Ağayevdən sonra çıxış edən Xaçaturyan, İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı erməni hərbi hissələri tərəfindən törədilən kütləvi qırğınlardan söz açmamış, əvəzində guya “müsəlmanlar Dronun fəaliyyətini təqdir etmişdilər” (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 14-18) kimi yalan ifadələr işlətmişdir. Seymdə çıxış edən Məhərrəmov isə İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törədilən dəhşətli qırğınların misili görünməmiş bir faciə adlandırmışdı.

Seymdə çıxış edən Jordaniya, İrəvan quberniyasında və İrəvan şəhərində baş vermiş hadisələrə münasibət bildirərəkən, ortada iki faktın olduğunu və əsas diqqətin həmin iki fakt üzərinə yönəldilməsinin zəruri olduğunu vurğulamışdır. Həmin iki faktdan birincisi ondan ibarətdir ki, erməni nizamlı ordusu dinc insanları güllələyir və kəndləri dağıdır. Digər fakt isə odur ki, erməni eşalonuna keçib getməyə imkan verilməyib və yolları bağlayıblar. Əsas mübahisə doğuran fakt ondan ibarətdir ki, bu hərbi hissələr onların qarşısını kəsən hər hansı maniyəni dəf edib müəyyən olunmuş yerə getmək əvəzinə, öz yollarından dönərək kəndlərə girir, əhalini qırır, hətta evləri yandırırlar. Əgər dövlət tərəfindən maliyyələşdirilən və cəbhəyə göndərilən nizamlı ordu tərəfindən bu cür hadisələr baş verirsə, onda hökumət günahkarları cəzalandırmaq üçün müəyyən tədbirlər görməli idi. Lakin hökumət heç bir tədbir görməmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 25).

Jordaniyanın fikrincə, satqınlar və xəyanətkarlar müsəlmanlar arasında olduğu kimi ermənilər və gürcülər arasında da vardı.

İrəvan quberniyasında erməni hərbiçiləri tərəfindən türk-müsəlman əhaliyə qarşı törətdilmiş dəhşətli qırğınlarla bağlı Seymin üzvü F.Köçərli baş vermiş hadisələrə tarixi reallıqlardan yanaşaraq bildirmişdir ki, əgər dəmir yolu ətrafında yaşayan müsəlman əhalisi cəbhəyə getmək istəyən hərbi eşalonun hərəkətinə mane olduğuna görə hadisələr baş vermişdirsə, bəs onda həmin dəmir yolu xəttindən 20-40 verstlikdə yerləşən və dinc həyatlarını yaşayan kəndlərin günahı nə idi. Bu hadisələrə heç bir aidiyyatı olmayan İrəvan şəhərinin günahı nə idi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 27).

F.Köçərli də İrəvan şəhərində müsəlmanlara qarşı törədilmiş qırğınlarda erməni hərbi hissələrinə rəhbərlik etmiş Dronu günahkar bilmişdir.

“Müsavat” partiyasının adından çıxış edən Ş.Rüstəmbəyov İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı törədilmiş qanlı cinayətlərin Daşnaksütyun partiyasına tabe olan hərbi hissələrin törətdiyini və bu ordunun başında hərbi komissar Dronun və polkovnik Pirumovun durduğunu qeyd etmişdir. Ş.Rüstəmbəyov Daşnaksütyun partiyası tərəfindən hərtərəfli izahatın verilməsini tələb etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 29).

Daha sonra Seym İrəvan hadisələri haqqında nümayəndə heyətinin məlumatını dinləyərək 7 bənddən ibarət qərar qəbul etmişdir. Həmin qərar aşağıdakı bəndlərdən ibarət idi:

1) Sərhədlərin mühafizəsini təşkil etmək üçün eşalonların maneəsiz getməsi üçün tədbirlər görülsün.

2) Hərbi hissələrdən yaradılmış (qarışıq hərbi dəstə) qarışıq eskadron İrəvana göndərilsin.

3) Qaçqınlara yardım edilsin və onları öz kəndlərində yerləşdirilsin.

4) Sərhədləri kürdlərdən qorumaq üçün tədbirlər görülsün (bu bənd belə formalaşdırılmışdı: Sərhədin mühafizəsi üçün tədbirlər görülsün – V.Ş.).

5) Zaqafqaziya Hökumətinin razılığı olmadan cəza dəstələrinin göndərilməsi qadağan edilsin.

6) Milli ordular Diyarın ümumi hakimiyyəti altında mərkəzləşdirilsin.

7) İrəvan hadisələri ilə əlaqədar istintaqın başlamasını fövqəladə təhqiqat komissiyasına tapşırılsın (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 37).

Həmin müzakilərin birində Seymdə təmsil olunan gürcü menşevik fraksiyasının üzvü N.Jordaniya çıxışı zamanı, Zaqafqaziyada baş verən milli münaqişələrə görə hökumətin deyil, iki partiyanın – Daşnaksütyun və Müsavat partiyalarının cavabdeh olduqlarını qeyd etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 46-47).

Seymin iclasında milli münaqişələrlə bağlı müzakirələr aparılarkən rus əhalisinin də təqib və təziqlərə məruz qaldıqları haqqında məlumatlar verilmişdi. Məsələn, Seymin 17-ci iclasında Rus Milli Şurasının Müvəqqəti Zaqafqaziya Bürosunun adından Seymin katibliyinə verilmiş ərizədə rus kəndlilərinə qarşı mənəvi təzyiqlərin, qırğınların olduğu qeyd edilmiş və rus kəndlərinin qarət olunmasının dayandırılması, dəymiş zərərin ödənilməsi və günahkarların cəzalandırılması tələb olunmuşdur (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание семнадцатое. 13 марта 1918 года, с. 2).

Vaqif Abışov

Tarix üzrə elmlər doktoru

(Ardı növbəti sayımızda)