Saymon Stil COP29-da beynəlxalq iqlim maliyyəsi üzrə yekun razılığın əldə olunmasınının vacibliyini bildirib Hadisə

Saymon Stil COP29-da beynəlxalq iqlim maliyyəsi üzrə yekun razılığın əldə olunmasınının vacibliyini bildirib

"Beynəlxalq İnkişaf Bankının iri səhmdarları olan G20 ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə çatmaq üçün ümumdünya maliyyə sistemində geniş islahatlara nail olmalı, yeni və innovativ maliyyə mənbələrin tapılması istiqamətində çalışmalı, eləcə də daha böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasını təmin etməli, inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir".

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) ilə əlaqədar tədbirdə deyib.

O xatırladıb ki, Braziliyanın rəhbərlik etdiyi və G20 ölkələrinin ekologiya və maliyyə nazirlərinin birgə keçirdiyi görüş bu sahədə müsbət nəticələrə nail olunmasını təşviq etməlidir:

"Bizim apardığımız müzakirələrdən kənar keçirilən görüşlərdə qlim maliyyəsi üzrə irəliləyişə nail olunması bu sahəyə cəlb olunan beynəlxalq qurumların da öhdəliklərini qismən də olsa azaltmağa və ümumi işimizdə irəliləyişə nail olmağa kömək edir. Bu sahədə uğursuzluqla üzləşməyimiz Paris İqlim Razılaşmasının əsas müddəalarına böyük zərbə xarakteri daşıyacaq. Hesab edirəm ki, ənənəvi illik müzakirələrimiz zamanı əldə etdiyimiz nəticələr iqlim dəyişikliyi ilə mübarizədə daha qətiyyətli addımların təminatına imkan verməklə yanaşı, həm də dünya iqtisadiyyatını və cəmiyyətləri daha da möhkəmləndirir".

S. Stil eyni zamanda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyasında iştirakçı ölkələrin beynəlxalq iqlim maliyyəsi üzrə yekun razılığı əldə etməsinin vacibliyini vurğulayıb:

"Bu baxımdan COP29 dayanıqlı bir beynəlxalq tədbirə çevrilməli, eləcə də bu konfrans çərçivəsində müəyyən edilməlidir ki, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi ilk növbədə bəşəriyyətin, daha sonra isə dünya iqtisadiyyatının iqlim dəyişikliyinin zərərli təsirlərindən xilası yolunda atılmalı olan əsas addımdır".

O həmçinin iqlim dəyişikliyi ilə mübarizəyə ayrılacaq maliyyə vəsaitinin böyük bir hissəsinin əvəzsiz və güzəştli şərtlərlə təmin edilməli olduğunu və bu vəsaitə daha çox ehtiyacı olan ölkələrə yönəldilməli olduğunu deyib. O tədbirə toplaşanların Bakıya Paris İqlim Razılaşmasını yenidən nəzərdən keçirmək məqsədilə toplaşmadıqlarını bildirib.

Stil deyib ki, ayrılacaq bu vəsaitin məbləğində hansı ölkənin nə qədər pay sahibi olması önəmli deyil. BMT rəsmisinin qənaətincə, şəffaflığı təmin etmək üçün həmin maliyyə vəsaitinin xərclənməsi üzərində nəzarət mexanizmi hazırlanmalıdır:

"Biz yeni nəslin hazırladığı milli iqlim planlarının maliyyələşməsini təmin etməli, eləcə də COP28 zamanı əldə olunan irəliləyişin (BƏƏ konsensusu) daha da inkişafına, bərpa olunan enerji mənbələrinin effektivliyinin real iqtisadi nəticələr verməsinə çalışmalıyıq. Daha bir məqsədimiz İtki və Zərərlərə Cavab Verən Fondun tam həcmdə işləməsinə və həmin qurumun maliyyə vəsaitinin daha çox ehtiyacı olan ölkələrə yönəldilməsinə nail olmaqdan ibarətdir. Millətlər və xalqlar arasında uçurumun dərinləşdiyi bir zamanda diqqət daha çox daxili məqsədlərin həyata keçirilməsinə yönəlir. Lakin "Mənim qonşumun arxa həyətində nələrin baş verdiyi məni maraqlandırmır" - kimi düşüncələr tamamilə yanlışdır. Ona görə də biz oyunun qaydalarını dəyişməklə irəli addımlamalıyıq. İqlim dəyişikliyinin qarşısının alınmasına daha çox maliyyə vəsaitinin ayrılması bütün ölkələrin maraqlarına cavab verməklə yanaşı, həm də uğurlu nəticələr əldə etməyimizə səbəb olacaq. Biz daha cəsarətli və qətiyyətli addımlar atmaqla həm yeni iş yerlərinin yaradılmasına, həm də daha sağlam və təhlükəsiz şəraitdə istehsal olunan elektrik enerjisindən istifadəyə nail olacağıq. Bu hər bir xalqın varlığı və çiçəklənməsinin yeganə yoludur" - Saymon Stil belə deyib.