“Tələbələrin maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı təmin olunmalıdır”-ekspert Hadisə

“Tələbələrin maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı təmin olunmalıdır”-ekspert

“Azərbaycanda tələbələrin təqaüdünün kəsilməsi əvəzinə, daha yumşaq yanaşmalar tətbiq oluna bilər. Məsələn, tələbələrin kəsiri olduqda, onların dərsə davamiyyətinə, təhsil keyfiyyətinin yüksəldilməsinə yönəlmiş dəstək proqramları tətbiq oluna bilər”. Bunu xalqəbhəsi.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.
K.Əsədov əlavə edib ki, tələbənin kəsiri olduqda təqaüd dərhal kəsilməməli, əvəzində ona əlavə tədris dəstəyi göstərilməli, mentor proqramları təşkil edilməlidir: “Bu yanaşma həm tələbələrin akademik nəticələrini yüksəltməyə kömək edəcək, həm də onların təhsil prosesindən uzaqlaşmalarının qarşısını alacaq. Maddi dəstəyin tam olaraq kəsilməsi əvəzinə, müəyyən güzəştlər tətbiq oluna bilər. Məsələn, təqaüdün bir hissəsinin saxlanılması və tələbənin təhsil prosesində aktiv iştirakını təmin etmək üçün müəyyən şərtlər qoyulması mümkündür. Tələbələrin maddi ehtiyaclarının qarşılanması onların akademik performansını artırmağa və təhsilini davam etdirməyə motivasiya edə bilər. Finlandiya təcrübəsinə əsaslanaraq, tələbələrə daha çox psixoloji və akademik dəstək göstərilməsi də böyük əhəmiyyət kəsb edərdi”.
Ekspert vurğulayıb ki, tələbələrin akademik kəsri olduğu təqdirdə təqaüdlərinin kəsilməsi Azərbaycan qanunvericiliyində yer alsa da, dünya təcrübəsi bu yanaşmanın daha humanist və tələbə mərkəzli olmasının faydalı olduğunu göstərir: “Tələbələrin maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı təmin olunmalı, eyni zamanda onların akademik uğur qazanması üçün əlavə təhsil dəstəyi və proqramları tətbiq edilməlidir. Bu yanaşma həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də tələbələrin sosial rifahının qorunmasına xidmət edər”.

Röya