COP29-un Prezidenti: “COP atəşkəsi” müxtəlif ölkələrin və beynəlxalq təşkilatların marağındadır Hadisə

COP29-un Prezidenti: “COP atəşkəsi” müxtəlif ölkələrin və beynəlxalq təşkilatların marağındadır

“Bilirsiniz ki, COP29-un Prezidentliyi olaraq bizim tərəfimizdən 14 təşəbbüs irəli sürülüb. Onlardan biri də “COP atəşkəsi” çağırışıdır”.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev APA-ya müsahibəsində bildirib.

Muxtar Babayev hesab edir ki, bu təşəbbüs həm müxtəlif ölkələrin və beynəlxalq təşkilatların, xüsusilə də cəmiyyətlərin müxtəlif təbəqələrinin nümayəndələrinin marağındadır: “Yüzlərlə beynəlxalq təşkilat və onlarla ölkə Azərbaycanın bununla bağlı çağırışına qoşulub. Fikrimcə, xüsusilə belə bir vaxtda bu təşəbbüs bütövlükdə regionun maraqlarına cavab verir”.

COP29-un müəyyən olunmuş prezidenti təəssüflə qeyd edib ki, bu gün dünyada 52 münaqişə ocağı var: “Təsəvvür edin, qlobal miqyasda 52 münaqişə mövcuddur! Bu isə o deməkdir ki, bütün bu hərbi aktivlik təkcə insan itkilərinə deyil, həm də tonlarla buxar emissiyasının atmosferlə təmasına səbəb olur. Bu istiqamətdə həyata keçirilən bütün fəaliyyətlər və atmosferə buraxılan tullantılar həm iqlimə, həm də təbiətimizə neqativ təsir göstərir. Məhz buna görə də mən bu konfransın Azərbaycan üçün son dərəcə perspektivli olduğunu düşünürəm.

Biz həm digər ölkələr, həm də beynəlxalq təşkilatlarla birlikdə bu prosesin tərəfdaşı olmaqda davam edəcəyik”.