MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb Hadisə

MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə məhkəmənin ilkin baxış iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Baş Prokurorluq hökmdən apellyasiya protesti verib. Protestdə qeyd olunub ki, Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, ona məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza təyin edilib. Onun əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq şöbə rəisi Mahir Şirvanov barəsində olan hökmdən də apellyasiya protesti verib.