Dünya Hakimlərinin Baş Assambleyası gələn il Azərbaycanda keçiriləcək Hadisə

Dünya Hakimlərinin Baş Assambleyası gələn il Azərbaycanda keçiriləcək

Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 66-cı illik toplantısı keçirilib.

Bu barədə Xalqcebhesi.az-a Hakimlər İttifaqından məlumat verilib.

Bildirlib ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin sədri Ramiz Rzayev, sədr müavini Sənan Hacıyev və üzvü Tahir Kazımovdan ibarət nümayəndə heyəti iştirak edir.

Konfransda açılış nitqi ilə Cənubi Afrika Respublikasının Ali Məhkəməsinin sədri Mandisa Muriel Lindelwa Maya, Ədliyyə və Konstitusional İnkişaf naziri Tembisile Simelane və təşkilatçı dövlətin digər rəsmi şəxsləri çıxış ediblər.

Beynəlxalq Hakimlər Assosiasiyasının sədri Duro Sessa təşkilatın ötən il həyata keçirdiyi fəaliyyət barədə habelə ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verərək, bir sıra ölkələrdə, o cümlədən Ermənistanda məhkəmə sistemində olan mövcud problemlərin narahatlıq doğurduğunu vurğulayıb, ətraflı müzakirələrdən sonra təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən müvafiq qətnamələr qəbul edilib.

Bununla yanaşı, tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində həmçinin, “Süni intellekt və onun məhkəmə fəaliyyətinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib, bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

Daha sonra Azərbaycan Hakimlər İttifaqının təşkilatın nizamnamə şərtlərinə uyğun olaraq Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı rəsmi müraciəti müzakirəyə çıxarılıb. Ermənistan və Fransa nümayəndə heyətlərinin etirazına baxmayaraq, keçirilmiş gizli səsvermə nəticəsində səs çoxluğu ilə 2025-ci ildə Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının Bakı şəhərində keçirilməsi qərara alınıb.

Toplantıda həmçinin iştirakçılara Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, milli və mənəvi dəyərlərini, habelə məhkəmə sistemini və bu sahədə həyata keçirilən islahatları, o cümlədən Azərbaycan Hakimlər İttifaqının fəaliyyətini əks etdirən xüsusi hazırlanmış video-çarx nümayiş etdirilib.

Dünya Hakimlərinin Baş Assambleyası gələn il Azərbaycanda keçiriləcəkDünya Hakimlərinin Baş Assambleyası gələn il Azərbaycanda keçiriləcəkDünya Hakimlərinin Baş Assambleyası gələn il Azərbaycanda keçiriləcək