“Bütün təxribat ehtimallarına rəğmən...”-politoloq Hadisə

“Bütün təxribat ehtimallarına rəğmən...”-politoloq

“Digər vaxtlar haqdan, hüquqdan, ədalətdən dəm vuran ABŞ bu gün ardıcıl şəkildə Qərbin özəlliklə Avropa hissəsi ilə birləşərək Gürcüstana geri addımlar atmaq üçün təzyiqlər etməyə çalışır”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
Politoloq əlavə edib ki, bu gün Avropa ilə ABŞ birgə Gürcüstanı nələrdəsə hədələməsi nə beynəlxalq hüquq, nə də qlobal diplomatiyanın etiketləri baxımından əsla adekvat deyil: “Bu addım heç bir formada təqdir edilən bir addım hesab edilə bilməz. Mən inanıram ki, bütün təxribat ehtimallarına rəğmən Gürcüstandakı seçkilər kifayət qədər yüksək peşəkarlıqla keçiriləcək. Düzdür, Qərb özünün nüfuz agentləri vasitəsi ilə Gürcüstana təsir etmək, seçki prosesini bütövlükdə gözdən salmaq üçün əlindən gələni etməyə çalışacaq. Amma bütün bunlar bu gün Gürcüstanın artan, inkişaf edən sabit dövlətçiliyinə heç bir formada xələl gətirə bilməyəcək. Çünki bu gün Gürcüstan aydın, vahid bir xətt tutub və oradakı dövlətçi hökumət qüvvələri istənilən neoimperialist hücumlara da müqavimət göstərmək qabiliyyətindədir”.

Röya