Ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb - FAKTİKİ HAVA - YENİLƏNİB 1 Hadisə

Ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb - FAKTİKİ HAVA - YENİLƏNİB 1

Oktyabrın 22-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib.

Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

***

11:18

Oktyabrın 22-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 11:00-a olan məlumatına əsasən Lerik rayonunun Rvarud kəndinə qar yağması müşahidə olunur.

Yağan qar örtüyünün hundürlüyü 3 sm-dir.

***

09:53

Oktyabrın 22-si saat 9:00-a olan məlumata əsasən sinoptiklər tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.

Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub.

Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb.
Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.