“Tələbələrin maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı təmin olunmalıdır” Hadisə

“Tələbələrin maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı təmin olunmalıdır”

Kamran Əsədov: “Bu yanaşma təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edər”.

Universitetə dövlət hesabına qəbul olan tələbələr təqaüd imkanı da qazanır. Hər hansısa bir imtahandan kəsiri olduğu zaman isə onlar aldıqları təqaüddən məhrum olurlar. Bu tələbələrə stimul kimi əsaslandırılsa da, amma bir sıra neqativ hallara da yol açır.
Əslində doğrusu nədir? Dövlət hesabına təhsil alan tələbələr kəsiri olduqda təqaüddən məhrum edilməldiirmi?
Təhsil ekspertləri bu barədə fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Təhsil üzrə ekspert Adil Vəliyev söyləyib ki, hazırda dövlət sifarişli tələbələrin həm də təqaüd alma imkanları var, daha sonrası isə bu, onların universitetdə göstərdiyi nəticəyə görə tənzimlənir.
O həmçinin bildirib ki, başqa bəzi təqaüdlər var ki, bu təqaüdlərə tələbələr özləri də müraciət edə bilirlər: “Bəzən görürük ki, özəl müəssisə və özəl şirkətlər tələbələr təqaüddən istifadə etsinlər deyə hər hansı bir təqaüd imkanı yaradır. Düşünürəm ki, təqaüd sistemi tələbələr arasında rəqabətin daha ədalətli formada formalaşmasına gətirib çıxarır. Bundan əlavə də qeyd edim ki, dövlət hesabına təhsil alan tələbələrin təqaüdünün kəsilməsində də haqlı bir rəqabət nəzər alınıb. Çünki əgər tələbə dövlət sifarişli qəbul olunursa daha sonra dərslərinə diqqət yetirmirsə, ümumi ortalama göstəricisi aşağı olursa və ya kəsirləri yaranırsa, tələbə adını qazanan digər tələbə yoldaşlarının ümumi ortalama göstəricisi yaxşıdırsa, o tələbənin təqaüd alma haqqı digərinə nisbətən daha çoxdur”.
Ekspert qeyd edib ki, belə rəqabət onların daha çox dərslərinə fikir verməsinə, öz ixtisasları üzrə mütəxəssis olmasına kömək edəcək.
“Bəzi tələbələr təqaüdlərindən məhrum olduqda maddi sıxıntılarla üzləşirlər”
Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, dövlət hesabına təhsil alan tələbələrin akademik kəsiri olduğu halda təqaüdlərinin kəsilməsi Azərbaycanda mövcud təhsil siyasətinə əsaslanır: “Qanunvericilikdə bu məsələ "Təhsil haqqında" qanunda yer alıb. Burada dövlətin maliyyə yardımı ilə təhsil alan tələbələrin təhsil nəticələrinin müvafiq normativlərə uyğun gəlmədiyi halda təqaüddən məhrum edilməsini nəzərdə tutur”.
O əlavə edib ki, bu yanaşma, tələbələri daha məsuliyyətli olmağa və akademik nəticələrini yüksəltməyə təşviq etmək məqsədi daşıyır, lakin bu siyasət dünya təcrübəsi ilə müqayisədə müzakirə olunmağa açıqdır.
K.Əsədov bildirib ki, Azərbaycanın təhsil sistemində dövlət təqaüdləri, əsasən, tələbənin akademik nailiyyətləri əsasında müəyyən edilir: “Yəni tələbə akademik göstəricilərinə görə təqaüd almaq hüququ əldə edir və əgər müəyyən dərslərdən kəsir yaranırsa, növbəti semestrdə təqaüdündən məhrum olur. Bu praktika tələbələrin akademik uğurlarını stimullaşdırmaq məqsədi ilə həyata keçirilir”. Ekspert Elm və Təhsil Nazirliyinin (ETN) bu siyasətinin əsas məqsədinin tələbələr arasında ciddi rəqabət və yüksək akademik nailiyyətlərə nail olmaq olduğunu deyib.
O həmçinin qeyd edib ki, bu yanaşma sosial problemlərə də yol açır: “Məsələn, bəzi tələbələr akademik kəsir aldıqları təqdirdə təqaüdlərindən məhrum olmaqla maddi sıxıntılarla üzləşirlər. Bu da onların dərslərini davam etdirmək və ya digər maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərə bilər. Maddi dəstəyin olmaması, tələbələrin işləməyə məcbur qalmasına və nəticə etibarı ilə təhsildən uzaqlaşmasına səbəb ola bilər”.
Maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı
Ekspert Azərbaycanda tələbələrin təqaüdünün kəsilməsi əvəzinə, daha yumşaq yanaşmalar tətbiq oluna biləcəyini vurğulayaraq tələbələrin kəsiri olduqda, onların dərsə davamiyyətinə, təhsil keyfiyyətinin yüksəldilməsinə yönəlmiş dəstək proqramları tətbiq edilə biləcəyini deyib.
K.Əsədov əlavə edib ki, tələbənin kəsiri olduqda təqaüd dərhal kəsilməməli, əvəzində ona əlavə tədris dəstəyi göstərilməli, mentor proqramları təşkil edilməlidir: “Bu yanaşma həm tələbələrin akademik nəticələrini yüksəltməyə kömək edəcək, həm də onların təhsil prosesindən uzaqlaşmalarının qarşısını alacaq. Maddi dəstəyin tam olaraq kəsilməsi əvəzinə, müəyyən güzəştlər tətbiq oluna bilər. Məsələn, təqaüdün bir hissəsinin saxlanılması və tələbənin təhsil prosesində aktiv iştirakını təmin etmək üçün müəyyən şərtlər qoyulması mümkündür. Tələbələrin maddi ehtiyaclarının qarşılanması onların akademik performansını artırmağa və təhsilini davam etdirməyə motivasiya edə bilər. Finlandiya təcrübəsinə əsaslanaraq, tələbələrə daha çox psixoloji və akademik dəstək göstərilməsi də böyük əhəmiyyət kəsb edərdi”.
Ekspert vurğulayıb ki, tələbələrin akademik kəsiri olduğu təqdirdə təqaüdlərinin kəsilməsi Azərbaycan qanunvericiliyində yer alsa da, dünya təcrübəsi bu yanaşmanın daha humanist və tələbə mərkəzli olmasının faydalı olduğunu göstərir: “Tələbələrin maddi problemlərlə üzləşmədən təhsil almaq imkanı təmin olunmalı, eyni zamanda onların akademik uğur qazanması üçün əlavə təhsil dəstəyi və proqramları tətbiq edilməlidir. Bu yanaşma həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də tələbələrin sosial rifahının qorunmasına xidmət edər”.
“Dünyada müxtəlif ölkələrin bu sahədə fərqli yanaşmaları var”
K.Əsədov Finlandiya və Norveç kimi Skandinaviya ölkələrində tələbələrə verilən maliyyə dəstəyinin kəsirə əsasən kəsilməyini bildirib: “Yəni dünyada müxtəlif ölkələrin bu sahədə fərqli yanaşmaları mövcuddur. Bu ölkələrdə əsas məqsəd tələbənin təhsil müddətində maliyyə qayğısı olmadan tam potensialını reallaşdırmasıdır. Onların təqaüdləri yalnız ciddi akademik pozuntular və ya uzunmüddətli fəaliyyət göstərmədikləri halda dayandırılır. Yəni bu yanaşma tələbəyə müəyyən azadlıq verir və onların akademik nəticələrini yaxşılaşdırmaq üçün motivasiya yaradır, eyni zamanda, maddi çətinliklər yaşamamaları üçün dəstək göstərir”.
Ekspert eləcə də əlavə edib ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) tələbə kreditləri və təqaüdlər də geniş yayılıb: “Tələbələr akademik göstəricilərinə görə təqaüd alsalar da, maliyyə dəstəyi tam olaraq kəsilmir. Əvəzində əlavə dəstək proqramları, təlim-tədris mərkəzləri və fərdi müəllimlər vasitəsilə onların təhsil performansının yaxşılaşdırılması üçün addımlar atılır”.
“Bu, onların oxuma həvəsini daha da aşağı salır”
Təhsil eksperti Cahid İmanlı dövlət hesabına təhsil alan tələbənin kəsiri olan zaman təqaüdünün kəsilməsinin düzgün qərar olmadığını vurğulayıb: “O tələbə həmin hüququ qazanıb və bu hüquq tələbənin necə təhsil almasından asılı olmayaraq nəzərdə tutulan tədris müddətinin sonuna, yəni 4 illik bakalavr təhsilinin sonuna kimi verilməlidir. Tələbənin tədris müddəti nəzərdə tutulan vaxtdan artıq olarsa, o zaman onun təqaüdü kəsilə bilər”.
C.İmanlı həmçinin əlavə edib ki, bu qayda həm də müəyyən neqativ halların yaşanmasına da səbəb olur: “Heç kimə sirr deyil ki, tələbələrin imtahandan kəsilməsi bəzi universitetlər üçün büdcəyə qənaət və ya hansısa müəllimlərə əlavə qazanc deməkdir. Buna görə də bu vasitə ilə tələbələrin stimul edilməsi düzgün deyil, əksinə düşünürəm ki, bu, onların oxuma həvəsini daha da aşağı salır”.
“Tələbə dərsinə laqeyd yanaşırsa...”
Təhsil üzrə eksert Rizvan Fikrətoğlu qeyd edib ki, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla fənlər üzrə akademik nailliyyətlərlə tələbələrə təqaüd ödənilir: “2015-ci ildən öncə isə ancaq dövlət hesabına və kəsiri olmayan tələbələrə təqaüd verilirdi. Sərəncam qüvvəyə minəndən sonra həm ödənişli, həm də ödənişsiz təhsil alanlara təqaüd verilir. Məsələn, tələbə hər hansısa bir ixtisasda təhsil alır. Həmin ixtisas üzrə 20 nəfər pulsuza qəbul olub. Yanvardan etibarən isə dövlət sifarişi əsasında qəbul olan 20 tələbənin hər biri təqaüd almaya bilər. Lakin tələbə pulluda təhsil alıb, orta göstəricisi digərlərindən yüksək olarsa, təqaüd alacaq. İlk smestr istisna olmaqla, növbətilərdə universitetə pulsuz qəbul olmaq yox, smestr ərzində orta müvəffəqiyyət göstərici nəzərə alınır və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən çox olan 20 tələbəyə təqaüd təyin edilir. İxtisasın ingilis və rus sektoru olsa da, fərq yaratmır, burada say önəmlidir. Yəni həmin ixtisas üzrə dövlət sifarişli plan yerinin sayı əsasdır”.
Ekspert bildirib ki, indi təqaüdü dövlət hesabına təhsil almayan tələbə də alır: “Təqaüd almaq istəyən tələbənin mütləqdir ki, heç bir fəndən kəsiri olmasın”.
R.Fikrətoğlu həmçinin vurğulayıb ki, təqaüd tələbəyə ona görə verilir ki, tələbə həvəslənsin, kəsiri yaranmasın, dərslərinə ciddi yanaşsın: “Əslində bu, çox düzgündür. Dövlət biliyinə görə tələbəyə üstünlük verir. Əgər onun kəsiri varsa, oxumursa, dərsinə laqeyd yanaşırsa, ona niyə təqaüd verilsin? Əvvəl belə idi ki, ödənişli qəbul olanlar üçün stimullaşdırıcı tədbir görülmürdü. Belə tələbələrin çoxu oxumağa elə də həvəs göstərmirdilər. Təqaüdün ödənişli təhsil alanlara da aid edilməsi həmin tələblərdə həvəs yarada bildi. Əsas məsələ orta göstərici yüksək olsun”.

“Təqaüdlərin verilməsində diferensial yanaşmanın tətbiqi də mümkündür”
Təhsil üzrə ekspert Elnur Aydın bildirib ki, tələbənin imtahan qiymətləri yüksək olmalıdır ki, o, təqaüd ala bilsin.
Ekspert əlavə edib ki, əgər tələbənin hər hansı bir fəndən aşağı qiymət və ya kəsiri olarsa tələbənin təqaüd almaq imkanları məhdudlaşır: “Bu, təhsil siyasətinin bir hissəsi olaraq tələbələri dərslərinə daha məsuliyyətli yanaşmağa təşviq etmək məqsədi daşıyır. Təbii ki, tələbənin növbəti semestrdə akademik göstəriciləri yaxşılaşarsa, o, yenidən təqaüd ala bilir. Dövlət təqaüdü yalnız uğurlu akademik nəticələr göstərən tələbələrə verilir. Bəzi tələbələr müəyyən fənlərdən çətinlik çəkə bilir. Bu da onların ümumi potensialını və təhsil səviyyəsini tam əks etdirməyə bilir”.
E.Aydın həmçinin qeyd edib ki, təqaüdün tam kəsilməsi əvəzinə, bəzən qismən azaldılması yanaşmasını tətbiq etmək daha ədalətli ola bilər: “Təqaüdlərin verilməsində diferensial yanaşmanın tətbiqi də mümkündür. Təqaüdün müəyyən hissəsi saxlana bilər və tələbəyə fənni yenidən keçmək üçün əlavə dəstək və resurslar təqdim edilə bilər. Bu yanaşma tələbənin maliyyə yükünü nisbətən azaldar. Akademik inkişafına müəyyən töhfə saxlaya bilər. İstənilən halda tələbə akademik göstəricilərini yüksək saxlamalıdır, çox çalışmalıdır ki, təqaüddən faydalana bilsin”.

Röya İsrafilova