Hüquqpozmalar barədə məlumat verənlər necə müdafiə olunur? Hadisə

Hüquqpozmalar barədə məlumat verənlər necə müdafiə olunur?

Cari ilin 22 oktyabr tarixində “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən Bakı şəhərində “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət müdafiəsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbir “Volqa” otelinin konfrans zalında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin rəhbəri Xəyal Bəşirov tədbiri giriş nitqi ilə açaraq iştirakçılara layihənin mahiyyəti, əhəmiyyəti, tətbiqi xüsusiyyətləri və əldə oluna biləcək müsbət nəticələri barədə ətraflı məlumat verib. O, layihə bununla bağlı xarici ölkələrin təcrübəsi, müvafiq sahədə mövcud olan beynəlxalq sənədlərin, tövsiyələrin tələblərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirdə layihənin icrasına cəlb edilmiş ekspertlər çıxış edərək “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət müdafiəsi” mövzusu üzrə əhəmiyyətli məqamlar barədə məlumat veriblər.

Belə ki, ekspert Ramal Ağayev dövlət və özəl sektordakı təşkilatlar tərəfindən məlumatvermə sisteminin tətbiqinin ictimai maraqların qorunmasında, hüquq və azadlıqların müdafiəsində, sağlam sosial mühitin qurulmasında əhəmiyyəti, həmçinin hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi, onun təmin olunmasının zəruriliyi, hüquqi və praktiki müdafiə mexanizmləri barədə geniş məlumat vermiş, mövzu ilə əlaqədar digər məsələlərə və müvafiq sahədəki problemlərə toxunub.

Ekspert Şaban Nəsirov isə hüquqpozmalar barədə məlumatvermənin korrupsiya və digər hüquqpozmaların qarşısının alınmasında rolu barədə məsələlərə aydınlıq gətirmiş, habelə bu sahədə qəbul edilmiş hüquqi sənədlərə istinad verərək vətəndaş cəmiyyətlərinin rolundan ətraflı danışıb. O, həmçinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun korrupsiyaya və digər hüquq pozuntularına qarşı effektiv mübarizə üçün səmərəli yollar açdığını bildirib. Eyni zamanda həmin Qanunda bir sıra boşluqlar olduğunu, bununla belə ictimai şuranın nüfuzunun artırılması üçün Qanuna müvafiq düzəlişlərin edilməsi barədə təkliflərin hazırlandığını da deyib.

Yekunda mövzu ətrafında tədbir iştirakçıları arasında geniş fikir mübadiləsi aparılmış, əhəmiyyətli fikirlər səsləndirilib.


Müəllif: Teleqraf.com