Mehriban Vəliyeva: Qubadlının azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi oldu Hadisə

Mehriban Vəliyeva: Qubadlının azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi oldu

1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini həyata keçirəndə əsas hədəflərdən biri də Qubadlı idi. Ermənistanla sərhəddə yerləşən Şərqi Zəngəzurun bu rayonu Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri oldu. 1988-ci il noyabrın 24-də Ermənistan silahlı qüvvələri Eyvazlı kəndinə hücum edərkən 1 nəfər öldürüldü, kənd tamamilə yandırıldı. Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndləri işğal edildi. Bununla da İrəvan-Meğri şosesi Ermənistanın əlinə keçdi. Bu hücumlar 1993-cü il avqustun 31-dək davam etdi. Sonda işğal olunan rayonun otuz minə yaxın sakini doğma torpaqlarından didərgin salındı. İyirmi yeddi il ərzində Qubadlı ermənilər tərəfindən talandı, bütün sərvətləri xarici ölkələrə satıldı. Bu azmış kimi Ermənistan xaricdə yaşayan erməniləri şirin vədlərlə aldadaraq Xanlıqda onlar üçün qəsəbə salmışdı. Dövlətimiz, xalqımız, qubadlılılar heç zaman tarixi torpağımızın işğalı ilə barışmadı, ərazilərimizin azad olunması üçün birlik, iradə nümayiş etdirdilər. Bu birliyin, iradənin nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı ordumuz tərəfindən azad olundu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O qeyd edib ki, sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi dövründə - oktyabrın 20-də Zəngilan azad olunduqdan sonra, növbəti istiqamət Qubadlı olub: “Ermənilər Qubadlını güclü istehkamlarla, çoxsaylı hərbi birləşmələrə mühafizə edirdilər. Bilirdilər ki, Qubadlını azad edəndən sonra Azərbaycan Ordusu cənubdakı əməliyyatları başa çatdırıb, Şuşa və Laçına doğru irəliləyəcək. Ordumuz Qubadlının azad olunması əməliyyatı zamanı da yüksək peşəkarlıq nümayiş etdirdi. Hakim olan yüksəkliklər, ətrafdakı kəndlər, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri nəzarətə götürüləndən sonra strateji yüksəkliklər ələ keçirilib. Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri şəhəri düşməndən tam təmizlədilər.

Prezident İlham Əliyev noyabrın 10-da gecə xalqa müraciət edərək, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını xəbər verdi.

Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu bu medal ilə təltif edilib.

Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.

Beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşən Qubadlı strateji logistik əhəmiyyətə malikdir. Qubadlı Kəlbəcər və Zəngilanın istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin əhali sayının 14 min nəfərə çatdırılması, Qubadlıda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı nəzərdə tutulur. Qubadlıda şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin simasını təşkil edəcək”.

Mehriban Vəliyeva qeyd edib ki, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı çox aydın, real proqram mövcuddur: “Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. İranla sərhəddə - hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün “Qubadlı” gömrük postu qurulub. Xudafərin‒Qubadlı‒Laçın yolunun tikintisi üçün büdcədən 20 milyon manat ayrılıb. Ali Baş Komandan İlham Əliyev Qubadlıya səfərlər edib. Dövlətimizin başçısı hər səfərində yeni tikililərin təməlini qoyub, açılışlarını edib, görüləcək işlərlə bağlı yerli nümayəndəliklərə müvafiq tapşırıqlar verib. 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar”.

Deputat vurğulayıb ki, 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda Azərbaycan Bayrağını ucaldarkən etdiyi bu tarixi çıxış heç vaxt unudulmayacaq: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

“Artıq dörd ildir həyatın yenidən canlandığı Qubadlı çox xoşbəxt və parlaq görünür”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.