Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb - VİDEO / FOTO Hadisə

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb  - VİDEO / FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Qaravəlli kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə FHN-nə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.