Bakıda 2 yeniyetmə bıçaqlandı Hadisə

Bakıda 2 yeniyetmə bıçaqlandı

17:03

Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Bu barədə Xalqcebhesi.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Bakıda məktəbdə 11-ci sinif şagirdinin bıçaqlanması barədə məlumat yayılmışdı.

***

Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.

***

Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və onlar dərhal əməliyyata alınıblar.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 25-də saat 14:30-da 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.

Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və onlar dərhal əməliyyata alınıblar.

Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.