Qəbələ gəncləri ekoloji məsələlərlə bağlı maarifləndiriliblər - FOTOLAR Hadisə

Qəbələ gəncləri ekoloji məsələlərlə bağlı maarifləndiriliblər - FOTOLAR

25 oktyabr 2024-cü il tarixində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Qəbələ rayonunda “Green vision” gənclər arasında ekoloji maarifləndirmə adlı tədbir keçirilmişdir. Layihənin məqsədi su, torpaq, meşə ehtiyatları, atmosfer havasının düzgün qaydada istifadəsi və ətraf mühitin mühafizəsinə dair qanunvericilik haqqında lazımi məlumatları ölkə əhalisinə çatdıraraq ətraf mühitin davamlılığını təmin etməkdir.

Tədbirdə layihə rəhbəri Həzrət Bədiyev, "Bizim Nəsil" GRİA İB-nin sədri Günel Şirinli, Qəbələ Dövlət Peşə təhsil mərkəzinin rəhbər heyəti və gənclər iştirak ediblər. Həzrət Bədiyev tədbiri giriş sözü ilə açaraq, ekoloji maarifləndirmənin önəmini vurğulayıb. O, ekosistemlərin qorunmasının yalnız dövlətin deyil, hər bir fərdin məsuliyyətində olduğunu bildirib.Natiq su, torpaq, meşə ehtiyatları və atmosfer havasının mühafizəsinin, gənclər arasında maarifləndirmə yolu ilə daha da ön plana çıxarılmasının vacibliyini qeyd edərək, layihənin bu istiqamətdə əhəmiyyətini vurğuladı. Eyni zamanda, ətraf mühitin davamlılığını təmin etmək üçün qanunvericiliyin düzgün anlaşılmasının da zəruri olduğunu bildirib. Beləliklə, o, tədbir iştirakçılarını ətraf mühitin qorunmasına dair aktiv iştirak etməyə çağırdı.

Günel Şirinli ekoloji maarifləndirmədə gənclərin rolundan danışaraq, gənclərin çevrə məsələlərindəki aktivliyinin və həssaslığının əhəmiyyətini vurğuladı. O, gənclərin ekoloji problemlərə dair biliklərinin artırılmasının, müasir dünyanın qarşılaşdığı ekoloji çətinliklərin həlli üçün mühüm olduğunu qeyd etdi. Gənclərin həm fərdi, həm də qrup şəklində təşəbbüslərini artıraraq, yerli icmalarda ekoloji fəaliyyətlərdə iştirak etmələrinin ətraf mühitin qorunmasına müsbət təsir göstərəcəyini bildirdi. Şirinli, ekoloji maarifləndirmənin yalnız məlumatlandırma ilə məhdudlaşmadığını, eyni zamanda, gənclərin liderlik və innovativ düşüncə bacarıqlarını inkişaf etdirmək üçün bir platforma olduğunu da vurğuladı. O, tədbir iştirakçılarına çağırış edərək, ekoloji problemlərə qarşı daha aktiv və yaradıcı yanaşmalarla irəliləməyə təşviq etdi. Sonda iştirakçılara sertifikatlar təqdim edildi.